"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi artıq ənənəni halını alıb. Hesab edirəm ki 4-cü forum də digərləri kimi Azərbaycanın tolerant ölkə və multikulturalizm dəyərlərinə sahib olduğunu dünyaya nümayiş etdirmək imkanı yaradacaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.Onun sözlərinə görə, dünyada gedən proseslərə baxmayaraq Azərbaycan yenə də öz sözünü bu forumla deyəcək: "Azərbaycan Forum vasitəsilə dünyaya bir daha nümunə kimi görünəcək".Forumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini xatırladan S. Fətəliyeva bildirib ki, forum zamanın nəbzinə, tələbata uyğun olaraq həyata keçirilir: "Azərbaycan Prezidenti bu istiqamətdə zamanın nəbzini tutaraq dünyada gündəmdə olan məsələlər, böhran və digər məsələlərin çıxış yolu kimi bu cür forumların keçirilməsi təşəbbüsü ilə çıxış edir. Bu forumun keçirilməsi də dünyada gedən proseslər əsasında yaranan təşəbbüsdür. Azərbaycana dost ölkələr də bu təşəbbüsü dəstəkləyərək forumda geniş tərkibdə iştirak edirlər. Forumda hazırkı və sabiq prezidentlərin iştirakı çox önəmlidir".Forumun Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyən Milli Məclisin deputatı söyləyib ki, tədbir iştirakçıları ölkəmizlə bağlı məlumatları kimlərinsə dili ilə deyil, öz gözləri ilə görəcəklər: "Ölkəmizdə hər hansı beynəlxalq tədbirin keçirilməsi o deməkdir ki, Azərbaycana yeni insanlar gələcək, ölkəmizi tanımayanlar tanıyacaq, tanıyanlar isə daha dərindən tanıyacaqlar. Bu bizim üçün ən əsas məqsəddir. Düzdür, biz bu gün Azərbaycanda gedən prosesləri, həqiqətlərimizi dünyaya çatdırırıq. Lakin ölkəmizdə müxtəlif forumların keçirilməsi daha önəmlidir o baxımdan ki, bura təşrif buyuranlar Azərbaycan haqqında beynəlxalq təşkilatların dili və ya ölkə nümayəndələrimizin çıxışları əsasında deyil öz gözləri ilə görüb məlumatlanacaqlar".Qeyd edək ki, 4-6 may tarixində Bakıda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir və digər dövlətlərin mədəniyyət nazirləri iştirak edəcəklər
sia.az