"Ulu Öndərimiz bütün ömrünü Azərbaycan xalqının firəvan yaşamasına, dövlətimizin çiçəklənməsinə, möhkəmlənməsinə həsr edib"
Dünən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı və Sabunçu rayon icra hakimiyyətinin birgə təşkilatçılığı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. 11 saylı İnteqrasiya təlimli internat məktəbində baş tutan tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, partiya üzvləri, fəal gənclər və internat məktəbinin şagirdləri iştirak ediblər. Tədbir iştirakçıları ilk olaraq 11 saylı İnteqrasiya təlimli internat məkətəbinin foyesində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra internat məktəbdə sağlamlıq imkanları məhdud olan şagirdlərin hazırladıqları sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər bir azərbaycanlının ədəbiyaşar lideridir: "Ulu Öndərimiz bütün ömrünü Azərbaycan xalqının firəvan yaşamasına, dövlətimizin çiçəklənməsinə və möhkəmlənməsinə həsr edib. Biz çox xoşbəxtik ki, Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı dövlətin vətəndaşlarıyıq".
M.Abasquliyeva onu da bildirmişdir ki, hələ sovet dövründə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev respublikamızı ən yüksək inkişaf mərhələsinə çatdırmışdı: "Ona görə də xalqı və dövləti məhv olmaqdan yalnız O xilas edə bilərdi. Bir qrup təxribatçı "Talış-Muğan Respublikası" yaratmaq istəyirdi, başqa bir qrup ölkəmizdə vətəndaş müharibəsi aparırdı, ermənilər də rayonlarımızı işğal edərək, günahsız insanları qətlə yetirirdilər. Məhz belə bir zamanda Ulu Öndər Heydər Əliyev Azərbaycana gəldi. Artıq bu gün dövlətimizin gücünü və qüdrətini görürsünüz. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin atdığı addımlar sayəsində Azərbaycan dünyada söz sahibinə çevrilib. Ən yüksək tribunalrdan Azərbaycanın haqq səsi bütün dünyaya çatdırılır. Gənclərimiz böyük inkişaf yolu keçiblər. Onlar öz Prezidentinin ətrafında sıx birləşiblər.
Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsindən və xalqımızın xilaskarı kimi həyata keçirdiyi addımlardan danışıblar.
Tədbirdə 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdləri tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib. Daha sonra internat məktəbinin şagirdlərinə hədiyyələr verilib.
Samir