Yeni Azərbaycan Partiyası Şəki təşkilatının VIII konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının VIII konfransı keçirilib. Konfrans öz işinə başlamazdan öncə, tədbir iştirakçıları və partiya fəalları partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.
Şəki şəhər təşkilatının qərargahında keçirilən konfransı giriş sözü ilə açan YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov bildirib ki, 107 ərazi partiya təşkilatından konfransa 302 nəfər nümayəndə seçilib. Konfransın işində isə 293 nəfər iştirak edib. Həmçnin, qeyd olunub ki, YAP Şəki şəhər təşkilatının 11299 üzvündən 5712 nəfəri, yəni 50,5%-i qadınlar, 3962 nəfəri, yəni 35%-i gənclərdən ibarətdir. YAP Şəki təşkilatının VII konfransından keçən müddət ərzində təşkilatın sıralarına 2005 nəfər Ulu Öndər Heydər Əliyev siyasi kursuna və ideyalarına sadiq üzv qəbul ediliblər.
Həsən Həsənov məruzəsinlə bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycanın inkişaf və tərəqqisi, məhz Onun dönməz qətiyyəti, sarsılmaz iradəsi sayəsində baş tutub: "Bu gün bu uğurlu siyasət Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Bizlərin hər biri, məhz bu dönməz siyasət ətrafında sıx birləşərək, ölkənin tərəqqisinə töhfələrimizi verməkdə davam edəcəyik".
Məruzə ətrafındakı müzakirələrdə Şəki şəhər icra hakimiyyətinin başçısı, partiyanın idarə heyətinin üzvü Elxan Usubov, siyasi şura üzvü Yaqub Mahmudov, millət vəkilləri Kamilə Əliyeva, İlham Məmmədov, Şəki şəhər təşkilatının qadınlar şurasının sədri Zərinə Cavadova, gənclər birliyinin sədri Daşqın Mikayılov, gənc YAP üzvü Elvin Qarayev və digərləri çıxış edərək, bildiriblər ki, Azərbaycanın inkişaf prioritetinin tərkib hissəsi olaraq Yeni Azərbaycan Partiyasının da əməyi və oynadığı rolu böyükdür. Bu gün ölkədə formalaşmış xalq-iqtidar birliyi bunun bariz nümunəsi sayıla bilər.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. 51 nəfərdən ibarət YAP Şəki şəhər təşkilatının şurasına, 17 nəfər idarə heyətinə, 9 nəfər isə nəzarət-təftiş qrupuna seçilib. Həsən Həsənov yenidən YAP Şəki təşkilatı idarə heyətinin sədri seçilib.
Konfransın sonunda iştirakçılar adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
RÖVŞƏN