Ötən həftə Bakı artıq IV dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forumda 123 ölkə təmsil olundu. İştirakçılarının sayı 1500 nəfərdən çox olan foruma qatılanların 800-ü əcnəbi olub. Forum müddətində 200 məruzəçi çıxış edib, 40 müxtəlif tədbir, o cümlədən sessiya, "dəyirmi masa" və s. təşkil edilib. Habelə 47 beynəlxalq təşkilatın rəhbərləri bir otaqda əyləşərək müzakirələr aparıblar. 4-6 may tarixlərini əhatə edən "Bakı prosesi" işini uğurla yekunlaşdırdı. Maraqlıdır, ölkəmizə təşrif buyuran əcnəbi qonaqlar forum haqqında nə düşünür? SİA bir neçə əcnəbi qonağın fikirlərini təqdim edir:
UNESCO-nun baş direktoru İrina Bokova söyləyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində indiyədək aparılan müzakirələr artıq bəhrəsini verməkdədir: "Forum başlanandan indiyədək onun coğrafiyası çox genişlənib. Forum çərçivəsində Azərbaycanın böyük dəstəyi ilə iki tədbir keçirildi.. UNESCO ümumilikdə forum çərçivəsində 13 tədbir keçirib və təşkilatdan 25 nəfər burada iştirak edib. Belə bir tədbirin bu gözəl ölkədə, Şərqlə Qərbin qovuşuğunda keçirmək maraqlıdır. Bu, Azərbaycanın uğurudur. Mən Forumdan çox nikbinliklə ayrılıram və gələcəyə inamla baxıram".
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentinə, Azərbaycan xalqına təşəkkür edib: "Forum əslində bir başlanğıcdır. Biz ISESCO olaraq tərəfdaşlığı davam etdirməliyik. Forumda hər kəs fəal iştirak etdi. Bakı prosesi mühüm platformadır. Azərbaycanda mövcud olan tolerantlıq, müasirlik dünya ölkələri üçün bir modeldir. Biz Azərbaycanın bu təşəbbüsünü dəstəkləyirik"
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai söyləyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq ənənəyə çevrilib: " Biz düzgün vaxtda, düzgün məkanda lazımi mövzunu müzakirə etdik. Bu iş davam etdiriləcək və gələcək nəsillər üçün faydalı olacaq. Azərbaycanın müstəqil dövlət kimi gənc olsa da eyni zamanda, müasir ölkədir. Bakıda təşkil edilən Forumda iştirak etməyimizdən qürur duyuruq".
ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman bildirib ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum dünyada mədəniyyətlər arasında dialoqun qurulması və inkişafı olduqca vacib amildir: "Azərbaycanın mədəniyyətlərarası dialoqda böyük ənənəsi, təcrübəsi var və bu təcrübəsi ilə dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də bu istiqamətdə atılan mühüm addımdır".
Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi söyləyib ki, iki gün ərzində forumda müzakirə edilən məsələlər beynəlxalq əməkdaşlıq baxımından çox önəmli idi: "Aparılan müzakirələr bizi yenidən bu məsələlərə qatılmağa vadar edir. Dialoq çox önəmlidir. "Bakı prosesi" bir daha sübut edir ki, hələ də əməkdaşlıq əlaqələri yaxşı səviyyədə qurulmayıb. Bu istiqamətdə birlikdə çalışmalıyıq".
Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Pilho Park qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya xalqları üçün vacib olan bir məsələdir: "Bu baxımdan Azərbaycan dünya üçün çox faydalı iş həyata keçirir. Azərbaycan, eyni zamanda, çox mühüm coğrafi məkanda yerləşməklə dünya üçün vacib bir ölkədir, İpək Yolunun mühüm bir ölkəsidir: "Azərbaycan artıq bu kimi beynəlxalq tədbirlərin təşəbbüskarına çevrilib. Bu baxımdan Azərbaycan dünyada sülh və sabitliyin təmin olunmasına, mədəniyyətlərarası dialoqun və anlaşmanın inkişafına mühüm töhfə verir".
yap.org.az