Bu gün Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasim Şuşa şəhərinin işğalı gününə təsadüf etdiyindən əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıb, ulu öndərin anadan olmasının 94-cü ildönümünün respublikamızda və ölkəmizdən kənarda yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb.Heydər Əliyev ideyalarının əbədi yaşayacağını söyləyən Komitə sədri diqqətə çatdırıb ki, müasir Azərbaycanın inkişafı yalnız və yalnız dahi rəhbərin adı və fəaliyyətilə bağlıdır. Bildirilib ki, bu gün Heydər Əliyevin doğum gününün geniş şəkildə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, onun xatirəsinə hörmət və ehtiramının təzahürüdür.DGK sədri daha sonra bildirib ki, dahi rəhbərin müstəqil Azərbaycana miras qoyduğu dəyərlərdən biri də gömrük xidmətidir. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və daha da inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Gömrük işçiləri ilə keçirdiyi görüşlər, gömrük işinin inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirlər bundan sonra da Azərbaycan gömrükçülərinin yaddaşından silinməyəcəkdir.Aydın Əliyev onu da vurğulayıb ki, ulu öndərin ideyaları onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizin apardığı humanist və sülhpərvər siyasət nəinki regionda, eyni zamanda beynəlxalq aləmdə təqdirlə qarşılanır.Sonra çıxış üçün söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya verilib.Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinə toxunan Mübariz Qurbanlı ulu öndərin hələ sovetlər dönəmindən başlayaraq müstəqil Azərbaycan və azərbaycançılıq ideyalarının təşəkkül tapması və reallaşması üçün gördüyü işlərdən - təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə atılan qətiyyətli addımlardan ətraflı bəhs edib.Dahi rəhbərin müasir Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd edən Mübariz Qurbanlı daha sonra müstəqilliyimizin ilk illərində daxili sabitliyin yaradılması, ordu quruculuğu, təhsil, sosial, iqtisadi və siyasi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirilib ki, ulu öndər Azərbaycan xalqı üçün zəngin və əhəmiyyətli bir miras qoyub və Azərbaycanın uzaq gələcəyinə hesablanan bu irsdən xalqımız hər zaman yararlanacaq.Yekun sözü ilə çıxış edən DGK sədri Aydın Əliyev qonağa maraqlı və məzmunlu çıxış üçün təşəkkürünü bildirib. Qeyd edilib ki, müstəqil Azərbaycanın bugünkü inkişafı, ilk növbədə, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir.Komitə sədri əminliklə bildirib ki, ulu öndərdən əmanət qalan müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinin və maraqlarının qorunmasında gömrük əməkdaşları bundan sonra da öz səylərini əsirgəməyəcək, Azərbaycanın tərəqqisi naminə qarşıya qoyulan bütün məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində daha qətiyyətli addımlar atacaqlar.Daha sonra Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına fəxri adlar, orden və medallar təqdim olunub.Tədbirin sonunda Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş etdirilib.
sia.az