Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə "Heydər Əliyevin neft strategiyası" mövzusunda konfrans keçirilib. Konfransdan öncə 3 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri Ümummilli Liderin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət ediblər.
Eyni zamanda, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub, rəsm və kitab sərgilərinə baxış keçirilib, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Poçt Markalarının təqdimatı oldu. Konfrans iştirakçılarına Ulu Öndərlə bağlı bu günə qədər hazırlanmış Poçt Markaları haqqında ətraflı məlumat verilib.
Mərkəzin sifarişi ilə hazırlanmış Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş "Millət atası" filminə baxışdan sonra konfrans öz işinə başlayıb.
Konfransda məruzə ilə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, konfrans sosial-iqtisadi yüksəliş sürətinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, bəynəlxalq birliyin nüfuzlu üzvü olan müasir Azərbaycan dövlətinin Memarı və Qurucusu, Ulu Öndər Heydər Əliyev dühasının, genişmiqyaslı və məqsədyönlü fəaliyyətinin bir sahəsi olan Azərbaycanın neft strategiyasına həsr olunub: "Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan nefti onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. "Əsrin müqaviləsi"ndən başlanan milli inkişaf Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi".
Konfransda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ulu Öndər Heydər Əliyevin dahiliyinin, müdrikliyinin elmi təhlilini verərək, bütün dövrlərdə Onun siyasətinin uğurlu olmasının Dahi Şəxsiyyətin liderlik zirvəsi ilə əsaslandırıb. Heydər Əliyevin neft strategiyasının təkcə ölkəmiz və region ölkələri üçün yox, dünya üçün əhəmiyyəti olduğunu xüsusi vurğulayıb.
Daha sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, texnika elmləri doktoru Təranə Məmmədova çıxış ediblər. Azərbaycanın neft tarixindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkənin hərtərəfli inkişafı, o cümlədən, neft sənayesinin inkişafında əvəzsiz rolu haqqında ətraflı danışıblar.
Konfransda akademik Vaqif Abbasova Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olunub.
Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim edilib.
Zümrüd BAYRAMOVA