YAP Qusar rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olumuş elmi-praktiki konfrans keçirilib
Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının təşkilaçılığı ilə elmi-praktiki konfrans keçirilib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, Dahi Şəxsiyyətin xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, rayon təşkilatının sədri David İbramxəlilov açaraq, konfrans iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinə nəzər salan rayon təşkilatının sədri bildirib ki, cəmiyyət həyatının bütün sahələrində Onun rəhbərliyi ilə köklü islahatlar həyata keçirilib: "Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Bu gün Heydər Əliyev siyasəti Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu, bir həqiqətdir ki, Azərbaycan dinamik inkişaf yolundadır".
Konfransda Milli Məclisin deputatı Azər Badamov "Heydər Əliyev müasir Azərbaycanın memarıdır", Heydər Əliyev Mərkəzinin direktoru, YAP Qusar rayon təşkilatının qadınlar şurasının sədr müavini Neva Abdurahmanova "Heydər Əliyev və milli-mənəvi dəyərlər", YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov "Heydər Əliyev YAP-ın qurucusudur", YAP rayon təşkilatının idarə heyətinin üzvü, rayon Təhsil Şöbəsinın müdiri Niftəli Fərzəliyev "Heydər Əliyev və təhsil siyasəti" mövzularında çıxış ediblər.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Ən yaxşı təqdimat" respublika müsabiqəsinin qalibi Elnurə Cavadovaya diplom və pul mükafatı, partiya sıralarına yeni qəbul olunmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
NƏZAKƏT