Dünən Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilmişdir. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ayrı-ayrı ərazilərdə özü də xeyli ağac əkmişdir. İməcilik iştirakçıları ilə görüşlərdə rayon icra hakimiyyətinin başçısı, xüsusi olaraq qeyd etmişdir: "Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayonumuzda çox gözəl, xeyirxah və nəcib bir aksiya keçiririk. Ağacəkmə aksiyasında iştirak etməyə rayon icra hakimiyyətinin çağırışına yüzlərlə rayon ictimaiyyətinin nümayəndəsi qoşulmuş, belə nəcib məqsədli yaşıllaşdırma kampaniyasına rayon sakinləri çox həvəslə, böyük enerji və yüksək əhval-ruhiyyə ilə iştirak etdilər.
Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyev ekoloji vəziyyətə həmişə çox həssaslıqla yanaşmış, ölkəmizdə yaşıllaşdırma işinin təşkilini diqqət mərkəzində saxlamışdır. Ulu Öndərimiz qeyd etmişdir ki, hər bir insan ağac əkməlidir, becərməlidir və böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə, hətta öz ailəsinə də xəyanət edir. Ulu Öndərimizin bu müdrik sözlərini əldə rəhbər tutaraq, biz rayonumuzda ağacəkmə kampaniyasını illər öncə başlatmış və bu gün də layiqincə həmin ənənəni davam etdiririk. Hesab edirəm ki, Daşkəsəndə belə bir tədbir - iməciliyin böyük ruh yüksəkliyi ilə keçirilməsi Ulu Öndərimizin doğum gününə ən böyük hədiyyədir. Möhtərəm Prezidentimiz İlham Əliyev də qeyd etmişdir: "İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik".
Rayon ictimaiyyətinin, o cümlədən də, YAP rayon təşkilatının fəallarının, əsasən, gənclərin ağacəkmə aksiyalarında yüksək səviyyədə iştirak etməsi rayonda yaşıllaşmanın, ekoloji şəraitin daha da yaxşılaşmasına gələcəkdə öz müsbət təsirini göstərəcəkdir.
Ağacəkmə kampaniyasının sonunda rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev əkilən bu ağaclara daimi qulluq edilməsi, müntəzəm suvarılması və onların qorunmasına nəzarət üçün aidiyyəti qurumlara tapşırıqlar verdi.
Rəfiqə