Müasir dövrümüzdə Ümummilli Lider Heydər Əliyevin müdrikliyinə əsaslanan həyat fəlsəfəsi, xalqa xidmət missiyası, ideyaları bir elm olaraq öyrənilir və təbliğ olunur. Onun irsinin təbliğində adını daşıyan Heydər Əliyev Fondu, böyük missiyanın daşıyıcısı olaraq, bu istiqamətdə ardıcıl layihələr həyata keçirir. Fondun fəaliyyət dairəsi zaman baxımından çox olmasa da, görülən işlərin çoxşaxəliyi və miqyası onilliklərə bərabər tutulur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti humanizm prinsipləri ilə silahlandığından, həyata keçirilən irimiqyaslı layihələrinin əks-sədası inkişaf etmiş, nüfuzlu dövlətlərdən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Heydər Əliyev Fondu mədəniyyətlərarası dialoqun təmin olunması, zorakılığın bütün təzahürlərinin qarşısının alınması, həmçinin, gender bərabərliyi kimi məsələlərə diqqət yetirir, bu və ya digər məsələlərin həllində layihələri həyata keçirməklə yanaşı, beynəlxalq əhəmiyyətli tədbirlərdə qeyd olunan məsələlərə önəm verir.
"GÜNAHSIZ İNSANLARIN HƏYATINA SON QOYAN TERROR AKTLARI, SİYASİ VƏ DİNİ RADİKALİZM BİZİM VƏ ÖVLADLARIMIZIN TƏHLÜKƏSİZLİYİNİ SUAL ALTINA ALIR"
Mehriban xanım Əliyeva dünyanın olduqca mürəkkəb bir prosesdə yaşadığından, bəşər aləmində yaşayan insanların müxtəlif dinə və irqə mənsubluğu olsalar da, onları birləşdirən dialoqa çağırır. Mehriban xanım Əliyevanın dediyi kimi, dünyanın bir çox ölkələrində on milyonlarla insan irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcridolunmanın ağır nəticələri ilə üzləşir: "Günahsız insanların həyatına son qoyan terror aktları, siyasi və dini radikalizm bizim və övladlarımızın təhlükəsizliyini sual altına alır. Müharibə və münaqişələr milyonlarla insanı məhv edərək, dünyanın müxtəlif guşələrində davam edir".
Azərbaycan Prezidenti Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən IV Mədəniyyətlərarası Dialoq Forumunun gedişi, bir daha ölkəmizin mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətini əks etdirdi. Dünya ölkələri Azərbaycan dövlətinin multikulturalizm və tolerantlığın təmin olunması sahəsindəki fəaliyyətini yüksək dəyərləndirir.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çıxışında bu gün dünyanın qarşılıqlı anlaşma əsasında sivilizasiyaların dəyərlərinin qorunmasına və təşviq olunmasına ciddi ehtiyac duyduğunu bir daha bildirib: "Bu proses çərçivəsində hökumətlərin, siyasətçilərin, beynəlxalq təşkilatların və medianın üzərinə böyük məsuliyyət düşür".
Mehriban xanım Əliyeva məqsədlərimizə nail olmaq üçün millətlər arasında qarşılıqlı əlaqəni quraraq, daha güclü münasibətləri yaradaraq, ekstremizm və ksenofobiya kimi maneələrin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb: "Yüksək səviyyəli bu toplantının keçirilməsində məqsəd dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı qarşısında duran məsələləri müzakirə etməkdən ibarətdir. Biz, həmçinin, çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginliklər aradan qalxsın. Çünki onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır".
AZƏRBAYCANIN DÜNYA MİQYASINDA TANINMASI, MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN QORUNMASI İSTİQAMƏTİNDƏ GÖRDÜYÜ İŞLƏR ÖLKƏMİZİN İMİCİNİ DAHA DA YÜKSƏLDİB
Mehriban xanım Əliyevanın peşəkarcasına fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Ölkəmiz, sözün əsl mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı məkana çevrilir. Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanın, əsasən, kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi, Mehriban xanımın özünün şəxsən iştirak etdiyi müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi, artıq çoxdandır ki, ənənə halını almışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda insanlar Onu, məhz xeyirxah, humanist və nəcib işlərinə görə sevirlər.
Fondun yaradılması ilə xeyriyyəçilik amalı Mehriban Əliyevanın fəaliyyətinin prioritetinə çevrilmişdir. Başqa sözlə desək, o öz qüvvəsini və fondun əməkdaşlarının səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə yönəltmişdir. Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən mühüm problemin həllinə də, məhz Mehriban Əliyevanın xeyirxahlıq missiyası sayəsində nail olunmuşdur. Paytaxtdan başlayan və ilk növbədə, qayğıya daha çox ehtiyacı olan, valideyn himayəsindən məhrum qız uşaqlarının mənzillə təmin olunmasını nəzərdə tutan layihənin icrası ölkəmizdə Mehriban Əliyevanın bu nəcib missiyanın nə qədər ali və müqəddəs olduğunu təsdiq etmişdir.
Mehriban Əliyeva ictimai-siyasi fəaliyyətdə məxsusi keyfiyyətlərini büruzə verir. Fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində mühüm işlər görür. Fondun "Təhsilə dəstək" layihəsi isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına kömək edir.
Bu sırada fondun beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlərini də qeyd etməliyik. Belə əməkdaşlıq və müasibətlərin qurulması Azərbaycanın dünyaya nüfuzunun yayılmasına gətirib çıxarıb. Beynəlxalq əlaqələrin nəticəsində bu gün fondla BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq sazişi, İSESKO ilə əməkdaşlıq haqqında Protokol, "Or-Avner" Beynəlxalq Fondu arasında əməkdaşlıq sazişi, YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında birgə layihənin icrasına dair saziş imzalanıb. Bütün bunlar Mehriban xanım Əliyevanın, mütəşəkkil olaraq, həyata keçirdiyi layihələr əsasında həllini tapıb. Bununla yanaşı, ABŞ, Rumıniya, Rusiya və Türkiyə kimi nufuzlu dövlətlərdə fondun nümayəndəlikləri yaradılıb. Bu artıq Azərbaycan həqiqətləri ilə bağlı reallıqların ictimayyətə çatdırılması haqqında çox məqamlardan xəbər verir.
Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik işlərindən də kənarda qalmayıb, öz üzərinə düşən yükü imkanı daxilində reallaşdırır. Humanizm və xeyriyyəçilik kimi məfhumlar Azərbaycan qadınının mənəvi dəyərlərinin göstəricisidir. O, nəinki Azərbaycanın daxilində, eləcə də, onun hüdudlarından çox-çox kənarlarda Azərbaycan qadınının nəyə qadir olduğunu göstərir.
Heydər Əliyev Fondunun məqsəd və ideyasının əsasında böyük amillər dayanır. O, bütövlükdə, insanlığa və bəşəriyyətə xidmət göstərir. Azərbaycanın dünya miqyasında tanınması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işlər ölkəmizin imicinin daha da yüksəlməsinə səbəb olur.
Nəzakət ƏLƏDDİNQIZI