Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında əsrin tarixinə yazdığı uğurları ilə əbədiləşən Ulu Öndər Heydər Əliyev xalqın düşüncə tərzində və oyanışında müstəsna rol oynamış Siyasi Liderdir. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi. Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyüklüyünü göstərə bildi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə böyük sıçrayış baş verdi. Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar- istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövləti möhkəmlətdi və əbədiləşdirdi. O zaman Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər və şirkətlər qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Çünki Azərbaycan müstəqilliynini qazanmış olsa da, ölkədə xaos, anarxiya və özbaşınalıq baş alıb gedirdi. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı zamanda, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə Yeni Azərbaycan Partiyası siyasi səhnəyə gəldi. Bu, o zaman idi ki, cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatla Ona müraciət ünvanladılar.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.
Heydər Əliyevin böyüklüyünü ifadə edən amillərdən biri də odur ki, O, mövcud vəziyyəti yetərincə qiymətləndirə bilmişdi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, "Əsrin müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".
Bu gün Azərbaycanın bütün sahələrində Ulu Öndər Heydər Əliyev əzəməti görünür. Onun Şəxsiyyəti, məhz əməllərini yaşadan Azərbaycanın, bütövlükdə panoramasında özünü göstərir. Müasir həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub.
İqtisadiyyatın, elmin, təhsilin və mədəniyyətin inkişafı ilə yanaşı, Heydər Əliyevin həyata keçirdiyi gender siyasəti də qısa zamanda bəhrəsini verdi. O, daim qadınların irəli çəkilməsinə önəm verirdi. Onun qayğı və diqqəti ilə Azərbaycan qadını ölkənin quruculuq-abadlıq işlərində uğurlu göstəricilərlə çıxış etməklə yanaşı, siyasi aləmdə də potensialını ortalığa qoymağa müvəffəq oldu. Xanımlarımızın dünya ölkələrində - Amerikada və Avropada Azərbaycanı təmsil etmələri, haqq səslərini qaldırıb yüksək tribunalardakı çıxışları, təbii ki, Azərbaycan qadınlarına göstərilən etimad və inam hissindən yaranmışdı. Qadınlarımız cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
Bugünkü mövcud vəziyyət, iqtisadi inkişaf, siyasi sabitlik, eləcə də, beynəlxalq aləmdə ölkəmizə inamın və marağın artması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın diplomatik üstünlük əldə etməsi, məhz Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub.
Bu gün fəxarət hissi ilə deyə bilərik ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası bəhrəsini verir və bu strategiya sayəsində dövlətimizin üçrəngli bayrağı dünyanın ən ali beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvü kimi dalğalanır. Bu, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən uca kürsülərindən çıxış edərək, ölkəmizin maraqlarını müdafiə edir. Əlbəttə ki, bu uğura nail olunması üçün böyük işlər görülüb, dövlətimiz böyük yollar keçib.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində, Azərbaycan bütün istiqamətlərdə dünyanın dinamik inkişafda olan ölkələrdən birinə, tolerant və multikultural nümunələri ilə beynəlxalq mərkəzə çevrilib. Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi. Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri ilə fəxarət hissi keçirən Heydər Əliyev dini abidələrə, məscidlərə ehtiyatla və böyük həssaslıqla qayğı göstərdi. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Müasir dünyamızda Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənədir. Ümummilli Liderin siyasi irsinin layiqli varisi və davamçısı Cənab İlham Əliyev tərəfindən həyata keçirilən alternativsiz uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan mühüm nüfuzlu beynəlxalq tədbirlərə, müxtəlif idman yarışlarına ev sahibliyi edir. Qarşıdan gələn dördüncü İslam Həmrəyliyi Oyunlarına ən yüksək səviyyədə hazır olan Azərbaycan bu yarışların uğurla başa çatması üçün tam təminat verir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın islam dünyası üçün əhəmiyyətli olan oyunlara ev sahibliyi etməsi, təbii ki, ölkəmizdəki siyasi sabitlikdən, iqtisadi inkişafdan, həm də ölkəmizin son illərdə idman sahəsində qazandığı uğurlardan qaynaqlanır.
Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi və milli tariximizin şanlı səhifələridir.
Nəzakət ƏLƏDDİNQIZI