PDF Oxu

Siyasət

  • 105

Lavrovun "İslam Dövləti" bəyanatı erməniləri yerindən oynadıb

Lavrovun "İslam Dövləti" bəyanatı erməniləri yerindən oynadıb

SİYASİ ANALİZ

Yaxud Ermənistan radikal islamçıların qanlı hücumları qarşısında nə edəcək?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov terrorçuların təslim olmamalarına rəğmən, "İslam Dövləti" qruplaşmasını məhv edəcəklərinə söz verib. Belə ki, rusiyalı nazir lazım gələrsə, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı ölkələri silahlı birləşmələrinin radikal islamçılarla mübarizədə yer alacağını bəyan edib. Lavrov KTMT-yə üzv ölkələrin hərbi birləşmələrinin sözügedən məsələdə hazır vəziyyətdə olduqlarını da deyib.

SİA-nın məlumatına görə, Lavrovun bu bəyanatı erməni ictimaiyyətində ciddi təşvişə səbəb olub. Ermənistan mediası bu barədə politoloqların rəylərini öyrənir, gəlinən nəticə isə budur ki, Rusiya, faktiki olaraq, Ermənistanı "İslam Dövləti" terror qruplaşmasının hədəfinə çevirməkdədir. Məsələn, mövzu ilə bağı 1in.am saytının yazdığına görə, Rusiya XİN-in rəhbəri Tacikistanda, Qırğızıstanda və Ermənistanda Rusiya həbri bazalarının hazırlıq vəziyyətinə gətirildiyini bildirib. "Nə qədər ki, qara yara məhv edilməyib, bu prioritetlər qalmaqda davam edəcək"-deyə erməni saytı Lavrovun bəyanatını sitat gətirib.

Politoloq Ruben Mehrabyan özünə bu cür təskinlik verir: "Rusiya Qərb qarşısında sərhədlərindən kənarda hərbi bazalarının olması amilinə haqq qazandırmağa çalışıb"

Beləliklə, erməni ekspertləri Lavrovun bəyanatını təhlükə mənbəyi hesab etməklə, Moskvanın Ermənistanı "aid olmadığı problemə" sürüklədiyini proqnoz etməyə başlayıblar. Məsələn, siyasi ekspert Ruben Mehrabyanın sözlərinə görə, Lavrovun bəyanatı, eyni zamanda, təbliğat maşını rolunu oynayır: "Əlbəttə ki, bu kifayət qədər cavabdehsizlik daşıyan bir bəyanatdır və xüsusilə, Ermənistan üçün. Ermənistan, "İslam Dövləti" terror təşkilatı da daxil olmaqla, heç bir terror təşkilatının hədəfinə düşməməlidir. Ona görə ki, bunun üçün nə coğrafi, nə də siyasi səbəblər var". Erməni politoloq özünə təskinlik verərək, hesab edir ki, belə təhlükəli bəyanatın verilməsi Qərbə ünvanlanmış mesajdır ki, Rusiya bununla sərhədlərindən kənarda hərbi bazalarının olması amilinə haqq qazandırmağa çalışıb.

"Ermənistan rəhbərliyindən Lavrova "ağzını bağla və bizi aid olmadığımız problemlərə qoşma" ismarıcı da verilımir"

Ruben Mehrabyan, hətta Lavrovun səmimi olmadığını da deyərək bildirib ki, nədənsə rəsmi Yerevan tərəfindən Lavropa "ağzını bağla və bizi aid olmadığımız problemlərə qoşma" ismarıcı da verilımir.

Digər erməni politoloqu, əslən Gümrüdən olan Qaqik Ambaryan isə sözügedən məsələ ilə bağlı Sergey Lavrovu ittiham edərək, söhbəti "İslam Dövləti" mövzusundan ayıraraq, Qarabağ münaqişəsinə tərəf çevirir və deyir ki, rusiyalı nazir KTMT barədə fikir bildirərkən, ilk növbədə, Ermənistan qarşısında götürdüyü öhdəlikləri icra etməlidir. Ambaryan sual edib: "Bu ərəfələrdə Azərbaycanın silahlı birləşmələri "Tavuş" ərazisini atəşə tutarkən, Rusiya nə etdi? Əlbəttə ki, heç nə".

Qaqik Ambaryan: "Lavrov bizim əlimizlə od içindən şabalıd toplamağa cəhd edir və bunu Rusiya tərəfinin addımı kimi təqdim etməyə çalışır"

Qaqik Ambaryan "İslam Dövləti"nin böyük təhlükə olduğunu deyərək, Ermənistanın həmin qruplaşma ilə əlaqəsinin olmadığını bildirib.

Erməni politoloq, əslində, Ermənistanın terrorçu və işğalçı, soyqırımları törədən ölkə olduğunu unudaraq, tamamilə əks-istiqamətdə həyasız və sərsəm fikirlər səsləndirib. Ambaryan, hətta iddia edib ki, region ölkələri - Azərbaycan, Türkiyə və Gürcüstan guya radikal islamçılara dəstək göstərirlər (?!-R.N.).

"İslam Dövləti" Liviyada, Suriyada, Yəməndə və İraqda kifayət qədər aktiv fəaliyyət göstərir. Ermənistanın və 102-ci bazanın bu ölkələrə hansı aidiyyatı var? Buradan nəticə çıxır: cənab Lavrov bizim əlimizlə od içindən şabalıd toplamağa cəhd edir və bunu Rusiya tərəfinin addımı kimi təqdim etməyə çalışır"-deyə ermənilərin siyasi eksperti düşünür.

Ambaryan əsas problem olaraq, növbəti sualını ünvanlayaraq soruşur ki, əgər Rusiya Ermənistanı "İŞİD"lə müharibəyə cəlb edirsə, bu zaman həmin Rusiya Ermənistanın təhlükəsizliyini təmin edə biləcəkmi? "Bu, həmin Rusiya Federasiyasıdır ki, özünü öz ərazisində belə sığortalaya bilmir: "Biz, aşkar nümunə olaraq, Peterburq metrosunda edilən terror hücumunu göstərə bilərik. Bəs onda Lavrov Ermənistanı müharibəyə cəlb etməklə, necə deyə bilər ki, islamçı terrorçular Ermənistanda terror gerçəkləşdirə bilməyəcəklər - eləcə də, Gümrüdə, hansı ki, orada onların hərbi bazaları yerləşir".

"Əgər biz onlarla müharibəyə cəlb olunarsaq, bizim təhlükəsizliyimizlə bağlı çox ciddi problemlər yaranmağa başlayacaq"

Erməni politoloq sonda deyib ki, o da "İslam Dövləti" terror təşkilatının məhv olmasını arzulayır, çünki Ermənistanın ərazisi gələcək "xilafətin" xəritəsinə aid edilib, eyni zamanda, Suriyada anti-erməni qruplaşması fəaliyyət göstərir.

"Əgər biz onlarla müharibəyə cəlb olunarsaq, bizim təhlükəsizliyimizlə bağlı çox ciddi problemlər yaranmağa başlayacaq"-deyə Qaqik Ambaryan bildirib.

Görünən isə budur ki, Ermənistan müstəqil ölkə anlamından çıxıb və tam olaraq Rusiyadan asılı vəziyyətdədir. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun radikal islamçılarla bağlı verdiyi məlum bəyanatı işlək vəziyyətə düşərsə, ermənilərin "İslam Dövləti"nin terror hədəfinə düşəcəyindən yaxa qurtarmaları qeyri-mümkün görünəcək.

Lazım gələndə, ermənilər "ASALA", "HNÇAK", "1905" kimi terror təşkilatlarının qanlı əməllərini unudurlar.

Ancaq maraqlısı budur ki, ötən əsrin əvvəllərindən başlayaraq, indiyə qədər Türkiyədə, Azərbaycanda, hətta Avropa və ərəb ölkələrində terror təşkilatları kimi tanınan "ASALA", "HNÇAK", "1905" kimi erməni qurumlarının qanlı əməlləri ortaya çıxanda, həmin erməni politoloqları bunu etiraf etməkdən vaz keçirlər. İndi isə onların özləri qanlı və vəhşi terror təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Hər halda, KTMT "İslam Dövləti" terror qruplaşmasına qarşı cəbhə açacaqsa, Ermənistanın terror və qan-qadadan yaxa qurtarmağı çətin görünəcək.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər