Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının IX konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının IX konfransı keçirilib. Konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Biləsuvar şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Konfransın rəsmi hissəsində Dövlət Himni səsləndikdən sonra YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev hesabat məruzəsi ilə çıxış edib.
YAP Biləsuvar rayon təşkilatının sədri bildirdi ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır: "Ümummilli Lider Heydər Əliyevin nurlu zəkasından yaranan və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna və tərəqqi rəmzinə çevrilib. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti öz taleyini, övladlarının gələcəyini Yeni Azərbaycan Partiyasına etibar edir və ona etimad göstərirlər. Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın mənafeyini müdafiə etdiyi üçün ümumxalq partiyasına çevrilmişdir. Bu gün Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr Dahi Şəxsiyyət Heydər Əliyevin həmişəyaşar ideyalarından güc alırsa, digər tərəfdən Prezident İlham Əliyevin yorulmaz və fədakar fəaliyyətindən qaynaqlanır". Natiq daha sonra qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı respublikada ilk yaranmış təşkilatlardandır. 1993-cü ilin yanvar ayının 12-də təsis olunan və sıralarında 5069 nəfər partiya üzvü və 70 ərazi ilk partiya təşkilatını birləşdirən Biləsuvar rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir.
YAP Biləsuvar rayon təşkilatı sədrinin hesabatından sonra nəzarət təftiş qrupunun hesabatı dinlənildi. Daha sonra konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf rolu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söhbət açdılar.
Konfransda YAP rayon təşkilatı gənclər birliyinin sədri Aqşin Bağırov, partiyanın rayon təşkilatı qadınlar şurasının sədri Ləman Yüzbaşova, 25 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xanımgül Abıyeva, Çaylı kənd ərazi ilk partiya təşkilatının sədri Rəşad Əliyev çıxış edərək YAP Biləsuvar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.
Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı. Rayon təşkilatının 31 nəfər tərkibdə yeni şurası və 15 nəfərdən ibarət idarə heyəti, eləcə də, nəzarət-təftiş qrupu üzvləri seçildi. Kamil Mirzəyev yenidən YAP Biləsuvar rayon təşkilatının sədri seçildi.
Konfransda Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının bir qrup fəal üzvünə Fəxri Fərman, partiyaya yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olundu.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
Rəfiqə