"Prezident İlham Əliyev həm dövlət başçısı, həm Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan birinin rəhbəri kimi müxalifətin fəaliyyətinə çox kəskin qiymət verdi"
Zaman-zaman ölkəmizdə fəaliyyət göstərən müəyyən pozucu qüvvələr, xüsusilə də, "beşinci kolon" ölkəmizdə pozuculuq aktları törətməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərib. Ancaq mövcud faktlar sübut edir ki, xaricdən təlimat alan bu antimilli qüvvələr öz məkrli istəklərinə nail ola bilmirlər. Çünki xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan təntənəli mərasimdə dağıdıcı ünsürlər barədə demişdir: "Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən "beşinci kolon" və xüsusilə, bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır". Söhbət etdiyimiz müsahiblərimiz də, bildirdilər ki, ictimaiyyət qətiyyətlə pozucu, antimilli qüvvələri rədd edir. Bu baxımdan, onların keçirdikləri aksiyalar iflasa uğrayır, irəli sürdükləri ideya və təklifləri boş və mənası ideya olaraq rədd edilir.
Millət vəkili Aydın Mirzəzadə:
- Prezident İlham Əliyevin çıxışında Azərbaycanın dağıdıcı müxalifətinə verdiyi qiymət onun mahiyyətinə tam uyğundur. Azərbaycan müxalifəti hamısı deyil, müəyyən bir qismi, hansı ki, 1992-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olmuşdular və yarıtmaz fəaliyyətləri ilə Azərbaycanı vətəndaş müharibəsi səviyyəsinə çatdırmışdır. Onların apardığı siyasət hal-hazırda Azərbaycan xalqının milli maraqlarına tamamilə ziddir. Onlar üçün bu gün ölkənin inkişaf məsələləri, Dağlıq Qarabağ probleminin həlli məsələsi deyil, xaricdən müəyyən dairələrin, ilk növbədə, erməni diaspor təşkilatları tərəfindən maliyyələşdirilən anti-Azərbaycan mərkəzlərinin verdiyi tapşırıqlar əsas roldur. Onlar, sözün əsl mənasında, "beşinci kolon" funksiyasını yerinə yetirirlər. Yəni vaxtaşırı onların tapşırıqlarını yerinə yetirirlər. Əgər diqqət görərik ki, Azərbaycan dağıdıcı müxalifəti, bir qayda olaraq, ya xaricdə Azərbaycan barəsində yalan məlumatlar yaymaqda maraqlıdır, ya da Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ərəfəsində ölkədə nə isə bir qarışıqlıq yaratmağa cəhd edir. Bütün bunların hamısı göstərir ki, Azərbaycanın radikal müxalifəti bu gün xaricdən xüsusi tapşırıqlar yerinə yetirən bir dəstə formasındadır. Yenə də, vaxtaşırı xaricdən tapşırıqlar alaraq Azərbaycanda mitinqlər, kütləvi aksiyalar təşkil etmək istəyir. Ancaq bir qayda olaraq, onların tədbirləri az sayda insanların gəlməsi ilə müşayiət olunur. Prezident İlham Əliyev həm dövlət başçısı, həm də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan birinin rəhbəri kimi müxalifətin fəaliyyətinə çox kəskin qiymət verdi. Müxalifətin fəaliyyətinin Azərbaycanın xalqının maraqlarına cavab vermədiyini bildirdi. Prezident İlham Əliyevin mövqeyi bu gün Azərbaycan cəmiyyətinin və xalqının mövqeyidir. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi hazırda Azərbaycanda "beşinci kolon" missiyasını yerinə yetirən siyasi qüvvələrin ölkəmizi müstəqillikdən məhrum etmək perspektivindən xilas etdi. Onlar indi də Azərbaycanla bağlı özlərinin qara fikirlərini kənara atmırlar. Ancaq bu gün Azərbaycan xalqı onların arxasınca yox, Azərbaycana müstəqillik, qətiyyət verən və xalqın problemlərini həll edən Prezident İlham Əliyevin siyasi xəttini müdafiə edir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, birmənalı tərzdə bütün cəmiyyət tərəfindən qəbul edilir. Heç bir zaman Azərbaycan xalqı "beşinci kolon"un arxasınca getməyəcək.
- Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev:
- Azərbaycanın dağıdıcı müxalifət və "beşinci kolon"la bağlı hər zaman fikirlərimiz bəlli istiqamətdə olub. Yəni biz onları müxalifət olduqlarına görə deyil, məhz Azərbaycana qarşı olan xarici təşkilatlara, anti-Azərbaycan qüvvələrinə birbaşa xəttə işlədiklərinə, onlar tərəfindən təlümatlandırdıqlarına və maddi formada qidalandıqlarına görə tənqid etmişik. Təbii ki, Prezident İlham Əliyevin söylədiklərində böyük həqiqət var idi. Biz həmin o antimilli qüvvələr haqqında 10 faiz biliriksə, Cənab Prezident 100-də, 1000-də məlumatlıdır ki, bu gün o Əli Kərimli, Arif Hacılı və yaxud da bu kontekstdə olan müxalifət hansı işlərlə məşğuldur. Azərbaycan çox demokratik bir ölkədir. Azərbaycan azad seçkisi olan bir ölkədir. İnsan hüquq və azadlıqlarına hər zaman böyük yer verən ölkədir. Azərbaycan müxalifəti destruktiv qüvvələrdən ibarətdir. Burada söhbət dağıdıcı müxalifətdən gedir. Onları ifşa etməyimizin səbəbi odur ki, onlar ermənidən və Azərbaycanı sevməyən nə kimi qüvvələr varsa, ucdantutma hamısından pul alırlar. Prezident İlham Əliyev çox gözəl qeyd etdi ki, bunlar təlimat alan kimi, öz fəaliyyətlərinə başlayırlar. Təlimat almayanda da, oturub təlimat almaq gününü gözləyirlər ki, nə vaxt təlimat gələcək. Təbii ki, təlimatın da məğzində əsas olaraq, maddi maraqlar dayanır. Ümumiyyətlə, bunların məqsədi Azərbaycan dövlətinin əldə etdiyi uğurlara hansı formada olursa-olsun, kölgə salmaqdır. Bunların dərdi nə xalq, nə də millət dərdidir. Bunların dərdi hakimiyyət dərdirir. Çünki onların ağızlarında bir dad qalıb - 1992-ci il dadı – hakimiyyət tamı. Elə bilirlər ki, ancaq vurub-dağıltmaq lazımdır. Onsuz da məlumdur ki, o torpaqları nə formada verdilər, Azərbaycan iqtisadiyyatını nə günə saldılar. Məsələ burasındadır ki, dağıdıcı müxalif partiya liderlərinin övladları kef içərsindədirlər. Bu gün Azərbaycanda ən yüksək maaş alan şəxs bir ay işləməsə, onun üçün müəyyən problemlər yarana bilər. Bunlar 25 ildir hakimiyyətdən gediblər, ancaq heç yerdə işləmirlər. Amma övladları xaricdə 200 minlik, 300 minlik universitetlərdə oxuyurlar. Bunlar bu pulu necə qazanırlar? Təbii ki, onlara xaricdən gələn qrantlardır. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı dediklərində həqiqət var. Bu, həm də həmin o antimilli qüvvələr qarşı bir mesajdır, bu, həm də Azərbaycanı sevməyənlərə qarşı bir mesajdır ki, Azərbaycan dövlətçiliyi yerindədir, idarəçilik yerindədir və Cənab Prezidentlə xalqın çox gözəl əməkdaşlığı və birliyi var.
Gülyanə Ağakərimova