PDF Oxu

Siyasət

  • 443

Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biridir

Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biridir

Bu gün qloballaşma və modernləşmə şəraitində ölkəmizdə, bütün sahələrdə olduğu kimi, ailə məsələlərinə də böyük diqqət yetirilir. Cəmiyyətimizdə hər zaman müqəddəs sayılan, milli-əxlaqi dəyərlər üzərində qurulan, fərqliliyi və möhkəm təməli ilə seçilən Azərbaycan ailəsinin rifah halının yaxşılaşdırılması, ailə ənənələrinin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər reallaşır.

Məlumdur ki, 15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən qeyd olunur. Azərbaycan da 2008-ci ildən bu ənənəyə qoşulub və bu gün ölkəmizdə qeyd olunur.

Bu bir faktdır ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu dəyərlərin qorunmasını daim diqqətdə saxlayır və ailə dəyərlərini xalqımızın ən böyük sərvəti kimi qiymətləndirdi. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Ailə dəyərləri hər zaman xalqımızın milli düşüncəsində ən yüksək yer tutub. Buna görə də, uzaq keçmişdən ölkəmizdə ailənin qurulmasına mühüm hadisə kimi yanaşılıb, onun təməlinin möhkəm olmasına çalışılıb".

Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin təmin edilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlərə imza atıb. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ümummilli Lider tərəfindən ailə dəyərlərinin də daxil olduğu milli dəyərlərimizin qorunub-yaşadılması diqqət mərkəzində saxlanılıb. Müstəqilliyimizin bərpasından sonra isə ölkəmizdə ailə problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib və müvafiq qanunvericilik bazası yaradılıb. 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti və onların hüquqlarının maneəsiz həyata keçirilməsi əksini tapıb. Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə Azərbaycanda "Qadın Problemləri üzrə Dövlət Komitəsi"ni yaradılması bu istiqamətdə daha bir addım oldu.

"ÖLKƏMİZİN İNKİŞAFI, MÜSTƏQİLLİYİMİZİN DAHA DA MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN VƏ MİLLİ DƏYƏRLƏRİN TAM ŞƏKİLDƏ BƏRQƏRAR EDİLMƏSİ ÜÇÜN AİLƏ DƏYƏRLƏRİ DAİM YÜKSƏK OLMALIDIR"

Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərir. Prezident İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək deyir: "Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır".

Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Bu sahəyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq, mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.

Bütün bunlar və digər sənədlərin qəbul edilməsi, onu göstərir ki, ailə Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla, onun müqəddəsliyini bir daha təsdiq edir. Statistik rəqəmlərə nəzər salaraq, deyə bilərik ki, bu gün Azərbaycanda 2 milyondan artıq ailə vardır. Hər il orta hesabla ölkədə 80 mindən çox ailə qurulur.

Xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial problemlərinin həlli, müharibə əlili və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müvafiq kateqoriyalı məhdud fiziki imkanlı şəxslərin minik avtomobilləri ilə təmin edilməsi, habelə, ailənin əmək qabiliyyətli hər bir üzvünün məşğulluq imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Gənc ailələrin ipoteka yolu ilə mənzillə təmin olunması üçün də əlverişli şərait yaradılıb. Ailələrin sosial rifahının yaxşılaşdırılması üçün müavinətlər, ünvanlı sosial yardımlar təyin edilir. Bu gün cəmiyyətimiz öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal və güclü ailələrin formalaşması üçün çalışır.

Heç şübhəsiz ki, Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur. Milli-mənəvi dəyərlər, məhz ailədə qorunub-saxlanaraq nəsildən-nəslə ötürülür. Ailə sağlam olmazsa, cəmiyyətin sağlam olmasından danışmaq mümkün deyil. Bunun üçün isə xalqımızın ailə dəyərlərinin yaşadılması, həmçinin, milli dəyərlərin gənc nəsillərə aşılanması və ailə üzvlərinin reproduktiv sağlamlığının qorunması vacibdir.

NƏZAKƏT

Digər xəbərlər