Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb
Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin aprel ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib. Bu barədə "SƏS" qəzetinə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Məlumata əsasən, ay ərzində dövlət sərhədini pozduqlarına görə 40 nəfər saxlanılıb, onların 13 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri İraq, 4 nəfəri Özbəkistan, 4 nəfəri Tacikistan, 3 nəfəri Pakistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, 2 nəfəri Qana, hər ölkədən 1 nəfər olmaqla Türkiyə və Kamerun vətəndaşları olublar.
Sərhəd-rejim qaydalarını pozarkən, 672 halda 854 nəfər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb.
Həmçinin, bildirilir ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 323 nəfər aşkarlanaraq, aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 kq 46,3 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 555 min 368 manat olan qaçaqmal, o cümlədən, 2 ədəd tüfəng, 1 ədəd tapança, 2 ədəd pnevmatik tapança, 3 ədəd tank əleyhinə mina, 775 ədəd patron, 1 ədəd tapança darağı,1 ədəd ov bıçağı, 1 ədəd optik cihaz, 1 ədəd kompas, 710000 Rusiya Federasiyası rublu, 4980 qram civə, 44 ədəd gümüş əşyalar, 10 ədəd qayıq, 7 ədəd elektron kassa aparatı,12 kiloqram zəli, 14171 qutu siqaret, 79 ədəd mobil telefon, 15660 ədəd müxtəlif növ dərman preparatları, 17 ədəd Ermənistan istehsalı olan spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Məlumatda vurğulanır ki, dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
RÖVŞƏN