PDF Oxu

Siyasət

  • 275

"Rusiya və Azərbaycan arasındakı tarixi münasibətlərə xələl vurmaq istəyən qüvvələr var"

"Rusiya və Azərbaycan arasındakı tarixi münasibətlərə xələl vurmaq istəyən qüvvələr var"

Azərbaycanın Rus İcması ÜAK-ın bağlanmasına qarşı sərt münasibətini ortaya qoydu

Kifayət qədər bəllidir ki, Şimal qonşumuz Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub və bu istiqamətdə bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Digər tərəfdən, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını hər zaman bəyan edib, ticarət-iqtisadi və siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub. Əbəs yerə deyil ki, ölkə rəhbərliyimiz tərəfindən rus dilinin və mədəniyyətinin qorunub-saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlarını atır. Məhz bu kimi faktorlar belə qənaətə gəlməyə zəmin yaradır ki, dövlətlərarası münasibətlərin tarixi faktları yetərincədir.

Xüsusilə, son zamanlar Rusiyanın ədliyyə sistemindəki bənzər ermənipərəst qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir

Lakin bəzi hallarda Rusiya ilə Azərbaycan arasında mövcud olan əlqələr və əməkdaşlıq prosesinin inkişafı bir sıra düşmən qüvvələrin maraqlarına cavab vermir. Bu da, bir həqiqətdir ki, Rusiyanın dövlət strukturlarında anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirir. Xüsusilə, son zamanlar Rusiyanın ədliyyə sistemindəki bənzər ermənipərəst qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir.

Məsələn, məlum olub ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı ləğv ediləcəkdir. Məhz bu baxımdan, sözügedən məsələnin təhlilini apararkən, nəticəyə gəlmək mümkündür ki, Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan dairələr və onları müxtəlif vasitələrlə ələ almış erməni lobbisi dövlətlərimiz arasındakı inkişaf xarakterli münasibətlərə zərbə vurmağa və yenidən sınaq qarşısında qoymağa cəhd göstərirlər.

ÜAK-ın qeydiyyatının ləğv edilməsi cəhdi çoxmədəniyyətli və polietnik Rusiya cəmiyyətinin öz xarakterinə zidd olmasının göstəricisidir

Halbuki Rusiyada çoxmilyonlu Azərbaycanlı İcması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında davamlı fəallıqları ilə seçilir, Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləri kimi qiymətləndirilirlər. Çünki Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü və bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Ona görə də, Azərbaycan icmasının ən böyük ictimai birliyi hesab edilən - ÜAK-ın qeydiyyatının ləğv edilməsi cəhdi çoxmədəniyyətli və polietnik Rusiya cəmiyyətinin öz xarakterinə zidd olmasının göstəricisidir. Daha dəqiq desək, bu, Rusiyada tolerantlıq mühitini və millətlərarası münasibətləri təhdid edən təxribatçı addımdır. Ümumiyyətlə, məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır və onları zədələyir.

Suallar yaranır: Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?

Həmçinin, bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə də, sözsüz ki, arzuolunmaz kölgə salacaq. Belə bir məqamda isə, istər-istəməz sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?

Yaxud belə bir addım Ermənistanın hərbi yardımına artırılması fonunda baş verirsə, demək, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk Qrupunun həmsədri mandatına da kölgə salır.

Azərbaycanın 120 minlik Rus İcması: "Şübhə etmirik ki, Rusiyadakı azərbaycanlı diasporuna qarşı hörmətsizlik Azərbaycan və Rusiya, eyni zamanda Azərbaycan və rus xalqları arasındakı dostluq münasibətlərinin inkişafına xidmət etmir"

Yeri gəlmişkən, Azərbaycandakı Rus İcması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətinin düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağıran müraciətlə çıxış edib.

Azərbaycanın Rus İcmasının müraciətində bildirilir ki, bu ölkəmizdəki icmada 120 min rus millətinin nümayəndəsi birləşir və onlar Azərbaycan vətəndaşı olaraq sözügedən məsələdən ciddi narahatlıq duyur, ÜAK-a qarşı atılan qərəzli addımları qətiyyətlə pisləyirlər. "Ümumrusiya Azərbayanlıları Konqresinin ləğvi barədəki məsələ ilə bağlı Azərbaycanın Rus İcması, artıq 2017-ci ilin 4 aprel tarixində bəyanat yayıb"-deyə qeyd edilən müraciətdə bildirilir ki, təəssüflər olsun ki, Rusiyadakı müəyyən qüvvələr ÜAK-ın fəaliyyətində cüzi çatışmazlıqları axtarıb-taparaq, Rusiyanın nəhəng təşkilatları sırasında yer alan ictimai təşkilatın ləğvinə şəraitin yaradılması istiqamətindəki cəhdlərinə son vermirlər. Müraciətdə vurğulanır: "Şübhə etmirik ki, Rusiyadakı azərbaycanlı diasporuna qarşı hörmətsizlik Azərbaycan və Rusiya, eyni zamanda, Azərbaycan və rus xalqları arasındakı dostluq münasibətlərinin inkişafına xidmət etmir. Azərbaycanda yaşayan ruslar azərbaycanlıların rus dilinin, rus mədəniyyətinin və ənənələrinin qorunmasındakı qayğılı münasibətlərini yüksək qiymətləndirirlər. Biz, hesab edirik ki, Rusiya Federasiyasında yaşayan və bu ölkənin tamhüquqlu vətəndaşları sayılan azərbaycanlılara qarşı da lazımi münasibət göstərilməlidir".

Bir daha Rusiyanı sağlam məntiqlə çıxış etməyə və Rusiyada fəaliyyət göstərən nəhəng Ümummrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məqsədin həyata keçməsinə imkan verməməyə çağırırıq"

Azərbaycanın 120 minlik Rus İcmasının müraciətində o da qeyd edilir ki, onlar hər iki ölkə arasında əsrlər boyu formalaşmış və davam edən münasibətlərə baxmayaraq, bu münasibətlərin inkişafından yalnız sevinirlər. "Bütün bunların əsasında çoxəsrlik dostluq ənənələri , mehriban qonşuluq, bir-birinin maraqlarına hörmət dayanır və nəticədə milyonlarla insanlar - azərbaycanlılar və ruslar dost olmayan güclərin xalqlarımız arasındakı səmimi münasibətləri, dostluq bağlarını pozmaq cəhdlərinin qarşısını almalıdır"-deyə qeyd edilən müraciətdə sonda vurğulanır ki, Azərbaycanda yaşayan ruslar ölkələrimiz və xalqlarımız arasındakı münasibətləri qiymətləndirir, ona hörmətlə yanaşır: "Bir daha Rusiyanı sağlam məntiqlə çıxış etməyə və Rusiyada fəaliyyət göstərən nəhəng Ümummrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məqsədin həyata keçməsinə imkan verməməyə çağırırıq".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər