"Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrə təsadüf etməsi çox təəssüfedici, eyni zamanda maraqlı bir məqamdır". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, siyasətdə heç nə durduğu yerdə baş vermir: "Əgər ÜAK-a qarşı məhkəmə başlanılıbsa, deməli ortada Rusiyanın müəyyən dairələrinin Bakıya qarşı pressinqindən söhbət gedir. Amma soyuqqanlı olmaq lazımdır. ÜAK bağlanmayacaq, ÜAK-ı bağlamaq böyük iradə tələb edir. İndiki dövrdə bu məntiqli səslənmir.Eyni zamanda biz bundan sonra nə edəcəyimiz haqqında düşünməliyik. Etiraf edək ki, bu gün ÜAK-da bir sıra ciddi nöqsanlar var. Azərbaycan dövləti dünyada yeganə dövlətdir ki, diaspora siyasətinə bu qədər önəm verir. Çünki diaspora xarici siyasətdə ən vacib resurslardan biridir.Düşünürəm ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Rusiyada çox uğurlu diaspora fəaliyyətini nəzərə almaq lazımdır. Çünki Leyla xanım Əliyevanın Rusiya Azərbaycanlıları Gəncləri Birliyi yaratmasından sonra Azərbaycanlı gənclərin, tələbələrin və ümumilikdə soydaşlarımızın həyatında çox müsbət dəyişikliklər baş verdi. Əgər azərbaycanlı tələbələr universitet dəhlizlərində bir-birinə salam vermirdilərsə, təşkilatın yaranmasından sonra biz həmrəyliyi, inteqrasiyanı, birliyi gördük. Yəni ortada effektiv bir təcrübə var. Mən bütün bunları Rusiyada 9 il ərzində diasporada yüksək vəzifə tutan bir şəxs kimi deyirəm".
sia.az