İlham Əliyev: "Pambıqçılığın iqtisadiyyata çox böyük xeyri var, bu, ölkəmizə valyuta gətirir"
Son illər Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi, bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu da, bir reallıqdır ki, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi baxımından, kənd təsərrüfatı böyük potensiala malikdir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən istər Nazirlər Kabinetinin, istərsə də regionlarda keçirilən müşavirələrdə müvafiq qurumlara bir sıra tapşırıqlar verilməsi də, məhz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsini təsdiqləyən amildir.
Azərbaycan Prezidenti İlham Əliyev Saatlıda keçirilən müşavirədə pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri oduğunu da vurğulayıb: "Bu, ölkəmizə valyuta gətirir və pambıq, elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür". Dövlət başçısı, həmçinin, pambıqçılığın əməktutumlu kənd təsərrüfatı sahəsi olduğunu da qeyd edibdir: "Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından, pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, Ölkə Prenzidenti sözügedən müşavirədə bildirib ki, biz yeni iş yerləri yaratmalıyıq: "Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır". Dövlət başçısı bəzi qonşu ölkələrdə həm işsizliyin artıq böhran həddinə çatdığını, eyni zamanda, orada demoqrafik böhran yaşadığını da nəzərə çatdırıb: "Bizdə isə əhali artır. Əhali artdıqca, biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var".
"Biz yaxsi pul qazanmaq ucun imkanlar yaradırıq"
Prezident İlham Əliyev pambıqçılığın inkişafının ölkəmizə əlavə gəlir gətirəcəkyinə də toxunaraq, bildirib ki, ancaq istəyirəm biləsiniz, bu gəlir neftdən əldə olunan gəlirlə müqayisə edilə bilməz: "Neft satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir. Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində olarsa, - bizim büdcədə bu rəqəm nəzərdə tutulub, - ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək".
Dövlət başçısı qeyd edib ki, pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır: "Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir".
Göründüyü kimi, bütün bu faktlar, bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Eyni zamanda, kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə, onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.
RƏFİQƏ KAMALQIZI