PDF Oxu

Siyasət

  • 383

Cəbhəboyu yaşayış məntəqələrinin təhlükəsizliyi gücləndirilir

Cəbhəboyu yaşayış məntəqələrinin təhlükəsizliyi gücləndirilir

Məlumdur ki, müasir dövrümüzdə Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq normaları pozaraq, Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayır. Bu gün 1 milyondan artıq azərbaycanlı torpaqlarından didərgin salınaraq, qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 30 mindən artıq Azərbaycan vətəndaşı qətlə yetirilib, çoxlu sayda insan əsir və girov götürülüb. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar Ermənistanın işğal faktını təsdiqləyiblər. Mövcud duruma son qoyulması və qaçqınların öz torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərar, qətnamə qəbul edilsə də, işğaçı dövlət buna əməl etmir. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, Ermənistan buna əməl etmir və münaqişənin sülh yolu ilə tənzimlənməsinə doğru addımlar atmayaraq, heç nədən çəkinmədən hərbi təxribatlarını davam etdirməkdədir.

Ermənistan tərəfindən cəbhə xəttində, mütəmadi olaraq, törədilən təxribatlar ötən ilin aprelin 1-dən 2-nə keçən gecə ən yüksək bir həddə çatdı. Azərbaycanın işğal altında olan ərazilərindəki Ermənistan hərbi birləşmələri silahlı qüvvələrimizin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutdular. Ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etmədi, eyni zamanda, beynəlxalq Konvensiyaların tələblərini kobud şəkildə pozaraq, mülki əhaliyə qarşı hərbi cinayətlər törətdilər. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qaldı. Dinc sakinlər həlak oldu, mülki vətəndaşlar yaralandı. Müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri bundan ziyan çəkmiş oldu. Çox sayda evlər dağıdıldı.

Cəbhəboyu ərazində yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi vacib məsələlərdən biri olduğundan, 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar. Günün müxtəlif vaxtlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən, mütəmadi olaraq, atəşkəs rejimi pozulsa da, əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən susdurulur, kəşfiyyat-təxribat qruplarının qarşısı vaxtında alınır. Azərbaycan işğalçı ölkəyə də, onun havadarlarına da, bütün ermənipərəstlərə də göstərir ki, güclü Ordumuz işğalçı erməni qəsbkarlarını istənilən an məhv etmək imkanına malikdir. Düşmən tərəf Ordumuzun qüdrətinə bələddir. Ermənistanın, onun işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur və uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlaya bilməyəcəklər.

"ORDU QURUCULUĞU, MÜDAFİƏ POTENSİALININ MÖHKƏMLƏNMƏSİ VƏ GÜCLÜ ORDUNUN YARANMASI DÖVLƏT ÜÇÜN, HÖKUMƏT ÜÇÜN, HƏR BİR VƏTƏNDAŞ ÜÇÜN BİR NÖMRƏLİ VƏZİFƏDİR"

Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə, Hərbi-Dəniz Donanması və Quru Qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq gücündədir. MDB çərçivəsində Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır"-fikrini ifadə etməsi, məhz bu gerçəkliklərdən qaynaqlanır.

Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə son illər ərzində böyük işlər görülüb. Azərbaycan iqtisadiyyatının yüksəlişi, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini göstərib. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik ordumuz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".

Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə Ordumuzun güclənməsi ilə müşayiət olunması Cənab Prezidentin öz vədinə sadiq olduğunu bir daha təsdiq edir. Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və heç şübhəsiz ki, belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Dağlıq Qarabağda dalğalandırmağa qadirdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artıb.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və Ordumuz daha da inkişaf edir və təkmilləşir. Bu Ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etmək və ölkəmizin ərazi bütövlüyünü qorumaq gücündədir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər