Prezident İlham Əliyevin ipəkçiliyin inkişafı ilə bağlı imzaladığı Sərəncam bu sahədə ciddi dönüş yaradacaq
Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması, barama istehsalçılarının məhsuldar tut ipəkqurdunun cins və hibrid toxumları ilə təmin edilməsi və bu sahədə seleksiya-damazlıq işlərinin təşkili məqsədi ilə Sərəncam imzalayıb. Sərəncama əsasən Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrıldı.
Qeyd edək ki, ölkəmizdə ipəkçiliyin inkişafı daha çox respublikamızın Şimal-Qərb bölgəsinin, xüsusilə də Şəkinin adı ilə bağlıdır. Burada ipəkçilik ənənələri əsrlər boyu qorunub saxlanılıb, inkişaf etmiş, yerli əhalinin həyatında mühüm rol oynayıb. Şəkidə ipəkçiliyin inkişaf etməsi, ondan təsərrüfat sahəsində geniş istifadə olunması bu diyarda aparılan arxeoloji tədqiqatlarla sübuta yetirilib. Əvvəllər Şəkidə ipəkçiliklə şəxsi fabriklərdə, emalatxanalarda sahibkarlar məşğul olmuş, məhdud şəkildə fəaliyyət göstəriblər. Sonralar bu qiymətli məhsulun, Şəki ipəyinin şöhrəti həm ölkədə, həm də xaricdə yayılıb, bu məhsula olan tələbat artmağa başlayıb.
Diqqət yetirilən xüsusi məqam ondan ibarətdir ki, ötən əsrin 70-ci illərində Azərbaycanda ipəkçilik yeni inkişaf mərhələsinə daxil olub, ildə 7800 ton yaş barama məhsulu hasil edilib. 70-80-ci illərdə ölkəmizdə, o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə vüsət alıb. Həmin illərdə respublikada ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunur, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu.
1990-cı illərin əvvəllərində Azərbaycanın ikinci dəfə öz müstəqilliyinə qovuşduğu ilk illərdə ipəkçiliyin inkişafında ciddi tənəzzül başlanıb, uzun illər ərzində qurulmuş iqtisadi əlaqələr tamamilə qırılıb. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda digər sahələr kimi, ipəkçiliyə olan münasibət də kökündən dəyişib, bu sənayenin bərpası istiqamətində zəruri işlər görülüb. Ulu Öndər 2001-ci ildə Şəkidə olarkən ipək kombinatının fəaliyyəti ilə də maraqlanıb və onun bilavasitə tapşırığı, imzaladığı müvafiq sərəncamla həmin il kombinatın fəaliyyətinin bərpasına kömək məqsədi ilə dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılaraq müəssisə işə salınıb.
Xatırladaq ki, 15 sentyabr 2016-cı il tarixdə ölkə Prezidenti İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalayıb. Əsas məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaqdır. Əminliklə demək olar ki, bu kimi əhəmiyyətli addımların atılması yaxın gələcəkdə ipəkçilik sahəsində duran mühüm məsələlərin öz həllini tapmasına, bu sahənin Azərbaycanın ən gəlirli sahələrindən birinə çevrilməsinə imkan verəcək.
"Səs" Analitik Qrupu