SİYASİ RAKURS
Serj Sarkisyan oğrulara və kriminal avtoritetlərə diplomatik pasportlar verir
Ermənistanda kök salmış "oğru qanunları" və kriminallıq faktorunun bilavasitə hakimiyyətin yüksək eşalonunlarında təşəkkül tapması halı növbəti dəfə özünü Ermənistanın İnvestisiya Klubunun üzvü Ruben Tatulyanın (Robson) Çexiya polisi tərəfindən saxlanılması ilə sübuta yetirdi. Belə ki, R.Tatulyanın bu Avropa ölkəsində saxlanılmasına səbəb onun oğruların "sxodkası"nı (bəhsini-R.R.) təşkil etməsi olub. Onu da qeyd etmək yerinə düşərdi ki, Ermənistanın mövcud rəhbərliyi ilə sıx təmaslarda olan şəxslərin bənzər hallarla rastlaşması birinci hadisə deyil. Məhz bununla bağlı erməni ictimai rəyində narazılıq sindromları artmağa başlayıb, Serj Sarkisyan rejiminin oğru və kriminal şəxslərdən ibarət formalaşmasının ortaya çıxan sübut və dəlilləri sadə xalqı narahat etməyə başlayıb.
"Anlaşılan deyil ki, diplomatik nümayəndəliklərdə kimləri və hansı kriteriyalar müqabilində təyin edirlər"
Bu arada, sözügedən hadisə ilə bağlı Ermənistanın tanınmış hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts maraqdoğurucu açıqlamaları ilə yadda qalıb. SİA-nın məlumatına görə, mövcud məsələ ilə əlaqədar Ermənistanın "Birinci kanal"ına (1in.am) müsahibə verən A.Sakuntsun sözlərinə görə, R.Tatulyan saxlanılarkən, onun üzərindən diplomatik pasport çıxıb və bundan sonra Ermənistanın xarici işlər nazirliyi olayla bağlı rəsmi məlumat yayıb.
Tatulyan kimi şəxslərə diplomatik pasportların verilməsinin nə qədər məqsədəuyğun olması və belə bir halın beynəlxalq aləmdə Ermənistanın nüfuzuna hansı problemlər yaratması barədə fikirlərinə gəlincə, A.Sakunts qeyd edib ki, şəxsən o, ciddi problemlərin yarandığını açıq şəkildə gördüyünü deyib və bu kimi məsələlərdə qanunverici orqanların fəaliyyətsizliyini də göstərmək mümkündür. SİTAT: "Həqiqətən də anlaşılan deyil ki, diplomatik nümayəndəliklərdə kimləri və hansı kriteriyalar müqabilində təyin edirlər. KİV-lər mütəmadi olaraq Ukraynada, Belarusda, Türkmənistanda, Polşada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin fəaliyyətləri ilə bağlı məlumatlar yayaraq, Ermənistanın sabiq səfiri ilə bağlı halları işıqlandırırdılar. Lakin bu, başqa məsələdir. Yeganə variant budur ki, xüsusilə səfirlərimiz ABŞ-da olduğu kimi parlament vasitəsilə təyin olunmalıdırlar. Bizim qanunverici orqanımız isə heç bir halda diplomatik nümayəndələrimizin təyin olunmasında iştirak etməyib".
"Bu problem respublika prezidentinin simasında, onun kriminal dünya ilə əlaqələri baxımından milli və dövlətçilik təhlükəsizliyimizə olan ciddi təhlükədir"
"Hazırkı fakt isə bir az fərqlidir"-deyə qeyd edən A.Sakuntsa görə, R.Tatulyan haqqında bəyan olunub ki, o heç də saxlanılmayıb və hər şey qaydasındadır, lakin söhbət onun saxlanılması, yaxud saxlanılmamasından getmir, söhbət ondan gedir ki, o, kriminal dünyanın nümayəndəsi olaraq hakimiyyətlə sıx əlaqələrdədir.
Onu da qeyd edək ki, R.Tatulyanın internetdə Ermənistanın prezidenti Serj Sarkisyanla fotoları yayılıb və buna qədər də bənzər şəkillər KİV-lərdə nümayiş etdirilib. A.Sakunts xatırladıb ki, Serj Sarkisyan İspaniyada olarkən, bir erməni biznesmeni ilə şəkil çəkdirimişdi və sonradan həmin iş adamı çirkli pulların yuyulması işi ilə bağlı həbs eidlmişdi. SİTAT: "Yəni bizim problem heç də ötəri deyil, hətta deyərdim ki, bu problem respublika prezidentinin simasında, onun kriminal dünya ilə əlaqələri baxımından milli və dövlətçilik təhlükəsizliyimizə olan ciddi təhlükədir".
"Dərhal cinayət işi qaldırılmaslı, Robert Köçəryandan tutmuş Serj Sarkisyana qədər hər kəs istintaqa cəlb eidlməlidir"
Erməni hüquq müdafiəçisi sözügedən məsələnin digər tərəfinə də toxunaraq, Serj Sarkisyanın bütün mənalarda ciddi səhvlərə yol verdiyini vurğulayıb. Məsələn, onun sözlərinə görə, ölkədə hakimiyyətə yaxın olan tərəflər iddia edirlər ki, bir insanın kriminal dünyanın nümayəndəsi olması əsas deyil və əsas budur ki, onun maliyyə investisiyaları ölkəni ayaqda saxlamağa yardım edir. "Ancaq belə halda da qanunsuzluq üzə çıxır. Çünki sözügedən vəziyyətdə xərclənən vəsaitlərin qanunsuz şəkildə əldə edilməsi faktı üzə çıxır"-deyə qeyd edən A.Sakunts bildirib ki, nəticədə Ermənistan beynəlxalq korrupsiya sisteminin bir hissəsinə çevrilir.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri həmçinin əlavə edib ki, digər bütün investorların işləri üzrə ciddi yoxlamalar aparılmalı, onların fəaliyyətlərinin, vəsaitlərinin mənbələrinin harada olması, necə əldə edilməsi araşdırmalıdır.
"Mənim sualım baş pprokurorluğadır: niyə işsiz-gücsüz oturub cınqırınızı belə çıxarmırsınız?!"
"Serj Sarkisyan narahat situasiyaya düşüb və bu məsələyə görə aydınlıq gətirməlidir"-deyə qeyd edən A.Sakunts sonda bildirib ki, əslində hər şey üzdədir və Sarkisyanın hansısa işə aydınlıq gətirməsi onun xarakterinə uyğun deyil: "Lakin mənim sualım baş pprokurorluğadır: niyə işsiz-gücsüz oturub cınqırınızı belə çıxarmırsınız?!"
Beləliklə, fakt budur ki, Ermənistanın kriminal rejimi get-gedə daha da həyasızlaşaraq, bu tandemi beynəlxalq sferaya qədər çıxarırlar, hətta kriminal avtoritetelərə, oğru və quldurlara, maliyyəçi dələduzlara diplomatik pasportlar verməkdən belə çəkinmirlər. Çox yəqin ki, bu məsələ yaxın vaxtlarda Serj Sarkisyan rejiminə ciddi başağrısı yaradacaq. Əlbəttə ki, Qərbin müvafiq qurumları da Ermənistanın baş prokurorluğu və polisi kimi susqun davranmasa...
Rövşən RƏSULOV