Türkiyədəki Azərbaycan diasporu ÜAK-ın bağlanmasına etiraz etdi
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı verilən məlum məhkəmə qərarı azərbaycanlıların təmsil olunduqları müxtəlif ölkələrin diaspora nümayəndəliklərin də etirazlarla qarşılanmaqdadır. Belə ki, "SƏS"ə daxil olan məlumata görə, bu dəfə qardaş Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları Rusiya Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşıladıqlarını bəyan ediblər.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi bəyanat yayaraq, Ali Məhkəmənin qərarını qınamaqla yanaşı, qeyd ediblər ki, bu məsələdə əsas canfəşanlığı Azərbaycanı istəməyən qüvvələr göstərib. Xüsusilə, erməni diasporasının ÜAK-ın bağlanmasında xüsusi əməyi var ki, onların təmsilçiləri Rusiya məhkəmələrinə sızmaqla öz çirkin məqsədlərinə nail olmağa cəhd ediblər.
Regionda Rusiya, Azərbaycan və Türkiyə arasında hər zaman həmrəyliyin olması vurğulanaraq, bildirilib ki, hazırda da bu münasibətlər uğurla davam edir. "Azərbaycan dövləti regionda Rusiyanın strateji maraqlarını daim nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərib"-deyə sözügedən bəyanatda vurğulanır.
Bəyanatda daha sonra deyilir ki, iki dövlət arasında tarixə söykənən dostluq münasibətlərini daha da inkişaf etdirmək əvəzinə azərbaycanlıların birlik və həmrəylik təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi qəbulolunmazdır. SİTAT: "Verilmiş qərarın yanlış olduğuna inanır və Rusiya tərəfinin tezliklə ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı ədalətli addım atmasını tələb edirik", - deyə tələb irəli sürülüb.
Rövşən RƏSULOV