"Bütün beynəlxalq tədbirlər kimi, IV İslam Həmrəyliyi Oyunlarının da məhz ölkəmizdə keçirilməsi heç də təsadüfü deyildi. Çünki, Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də ev sahibliyi etməyimizə zəmin yaradır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Adil Əliyev deyib.IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz tərəfindən yüksək səviyyədə təşkil olunduğunu deyən Milli Məclisin deputatı qeyd edib ki, "Bakı-2017" istər xalqımızın, istərsə də ölkəmizə təşrif buyuran xarici qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu: "İslam dünyası üçün olduqca vacib olan belə bir oyunların təşkilatçılığının yüksək səviyyədə həyata keçirilməsi şanlı tariximizdə yeni bir səhifə açdı. Dünyada İslam ölkələrinə qarşı təzyiq, təhdidlər göstərildiyi bir zamanda İslam həmrəyliyi nümayiş etdirən dövlətimizin, dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İslam ölkələrinə qucaq açması dünyaya bir ismarıc oldu. Bununla Azərbaycanın multikultural, tolerant, sülhsevər, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlara açıq olan bir dövlət olduğu bir daha sübut edildi. Əslində Azərbaycan bu dəyərlərin daşıyıcı olduğunu tarixən sübut etmişdi, lakin bu oyunlarla islami dəyərlərə söykənən həyat tərzinin davam etdirildiyini bir daha bəyan etdi".A. Əliyevin sözlərinə görə, ölkəmizə bir dəfə ayaq basan, buranın adət-ənənələri ilə tanış olan, gözəlliklərini duyan hər bir xarici qonaq yenə də Azərbaycana gəlmək istəyir və mötəbər yarışların burada keçirilməsini təqdirəlayiq hesab edir: "Bütün bunlarla yanaşı dövlətimiz öz növbəsində tanınır və Azərbaycan həqiqətlərini dünyaya çatdırmış olur. Dünya birliyi, beynəlxalq aləm artıq bu həqiqətlər qarşısında aciz durumda qalır. Mənfur düşmən, ermənilər güclü Azərbaycanın dünyaya saldığı səsdən vahiməyə düşür, öz acizlikləri ilə barışmalı olurlar. Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin əsas məqsədlərindən biri də məhz budur. İnanıram ki, Azərbaycan sürətli inkişafı nəticəsində daha böyük yarışlara ev sahibliyi edərək, uğurlara imzasını atacaq, öz həqiqətləri ilə dünyaya car çəkəcək".
sia.az