Erməni siyasətçiləri Azərbaycanın heç vaxt Qarabağın müstəqilliyini tanımayacağını bildiriblər
Son günlər Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı təzadlı gedişlər edir. İşğalçı dövlət Moskvada keçirilən xarici işlər nazirlərinin toplantısına qatılır, bir tərəfədən cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır və Azərbaycan ərazisinə raketlərdən atəş açır. Ən qəribəsi isə budur ki, Ermənistan prezidenti Serj Sarkisyan müharibənin hər an başlaya biləcəyinə dair bəyanatlar verir. Təbii ki, bu təzadlı gedişlər bir sıra suallar yaradır.
Sarkisyan müharibə bəyanatları verməsinə baxmayaraq, qoşunların təmas xəttinə göndərməyə əsgər tapmır
Erməni siyasətçilərinin sözlərinə görə, Sarkisyanın seçkidən öncə müxtəlif xarakterli bəyanatları daha çox idi və səbəb isə Qarabağ müharibəsi dalğası ilə iqtidara gələn Sarkisyan hakimiyyətinin ömrünü uzatmağa hesablanmışdı. Erməni siyasətçisi Aram Amatuni bildirib ki, seçki qurtarsa da, Sarkisyan hələ də özünü rahat hiss etmir: "Ona görə də, Ermənistan ictimai rəyini sakitləşdirmək üçün bu kartdan istifadə edir. O ki qaldı müharibə məsələsinə, Azərbaycan hər an müharibəyə hazırdır. Azərbaycan tərəfi hər zaman erməni təxribatını gözləyir və düşmənə adekvat cavab verir və bundan sonra da belə olacaq. Bununla bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz sözünü deyib. Bildirib ki, işğal olunmuş torpaqları qısa zamanda azad edəcəyik. Çünki danışıqlar artıq heç bir nəticə vermir".
A.Amatuni onu bildirib ki, Sarkisyan müharibə bəyanatları verməsinə baxmayaraq, qoşunların təmas xəttinə göndərməyə əsgər tapmır: "Bu gün Ermənistanda vəziyyət o həddə çatıb ki, təmas xəttinə əsgər göndərə bilmirlər. Hətta bunun üçün hər əsgərə 10 min dollar veriləcəyi vəd edilir. Buna baxmayaraq, heç bir erməni gənci Qarabağda xidmət etmək istəmir. Çünki ölmək istəmirlər. Eyni zamanda, əsgər itkisi cəbhə bölgəsində narazılığa səbəb olur".
Ermənistanın dövlət başçısı son zamanlar daha məntiqsiz fikirlər söyləməyə başlayıb. Lakin S.Sarkisyan o dərəcədə absurd və təhlükəli məqamlardan bəhs edir ki, onun zərərini bütün region görə bilər. Ermənistan prezidenti Azərbaycanı hədələyərək, "İsgəndər" raketlərini tətbiq edə biləcəyini deyir. O, ümumiyyətlə, təbliğatında xarici düşmən obrazı yaratmaqdan başqa heç nə etmir. Guya Ermənistanı "pis ölkələr" əhatə edib. Buna görə də, ermənilər yalnız S.Sarkisyana səs verməlidirlər ki, salamat qala bilsinlər. Tarixdə belə süni düşmən obrazı yaratmaq taktikası çox olub. Ancaq son anda bu kursdan xalq zərər görüb. S.Sarkisyan da, bu mənada, erməni xalqına tarixi zərbələr vurmaqda davam edir".
Ekspert bildirir ki, son 1 ildə Ermənistan ordusunda heç bir "köklü" islahatlar aparılmayıb: "Heç bir islahat aparılmayıb. Yalnız Moskva "İsgəndər" raketlərini Ermənistanda yerləşdirib, bəzi texniki cihazlar quraşdırılıb. Bununla ordu güclənmir, yeniləşmə görüntüsü yaradılır. Guya həmin üsulla Azərbaycan Ordusunun həmləsinə tab gətirə bilərlər. Heç bir "İsgəndər" Azərbaycan əsgərinin Vətən sevgisini və şücaətini azalda bilməz. Onun qürurunu sındıra bilməz. Üstəlik, Azərbaycan Ordusunda "İsgəndər"lərdən dəfələrlə güclü silahlar var. Bunları S.Sarkisyan da bilir. Axı S.Sarkisyan Qərb demokratiyasının, xristianlığın və insan haqları təşkilatlarının adından danışıb... Buna niyə reaksiya vermirlər? Ya etiraf edilməlidir ki, demokratiya, xristian şəfqətliyi və tolerantlıq müsəlmanlara qarşı ballistik raket atmaqla sıx bağlıdır, ya da Sarkisyan kimilərin ağzı yumdurulmalıdır. Gec, yaxud tez ermənilərin havadarları da bunun zərərini görəcəklər. Ancaq onda gec ola bilər".
Beləliklə, ermənilərin bir real xilas yolu var: ön şərtsiz Azərbaycan torpaqlarından rədd olub çıxsınlar və buna uyğun olan beynəlxalq hüquqi şərtlərə əməl etsinlər. Yalnız bundan sonra rəsmi Bakı Yerevanla əlaqəli hansısa qərar verə bilər. İşğalçı zəbt etdiyi torpaqları tərk etməyincə, Ermənistanın bütün cəhdləri puç olacaq. Bunu Yerevanda və onun havadarlarının paytaxtlarında artıq dərk etsələr, xeyirlərinə olardı!
A.SƏMƏDOVA