İlham Əliyev: "Biz bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq etməliyik"
Hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtlərindən biri də etibarlı ərzaq təminatıdır. Bu baxımdan, Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirməklə yanaşı, ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilir.
Bu mənada, yanvar ayının 30-da Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilərkən, bildirib ki, Azərbaycan kərə yağı ilə 76 faiz özünü təmin edir, bunun 10 faizi xarici faktordur.
Çıxışında dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik dövründə ərzaq təhlükəsizliyini tam təmin etməyə çalışmalıdır: "Yeni dövriyyəyə cəlb edilən torpaqlar hesabına idxaldan asılılığa son qoya və ixracın artmasına nail ola bilərik. Keçən il 90 min ton pambıq tədarük etmişik. Bu il isə 200 min ton pambıq istehsalı gözləyirik. Bu sahə Mingəçevirdə yaradılacaq sənaye parkının təminatı ilə bağlıdır. Mingəçevirdə təməlini qoyduğumuz iplik və digər sahələrlə bağlı zavodlar bu ilin sonlarında istifadəyə verilməlidir. Yeri gəlmişkən, hazırda 37 rayonda insanlar baramaçılıqla məşğuldurlar. 2019-cu ildə 1300 ton barama istehsalı planlaşdırılır".
Dövlət başçısı, həmçinin səmərəsiz örüş sahələrinin də əkinə cəlb edilməsinin vacibliyini bildirib: "Ancaq bu sahədə də planlı iş görülməlidir. Yəni bir sahəni inkişaf etdirməklə, digər sahənin inkişafına ziyan vurulmamalıdır. Burada düşünülmüş siyasət aparılmalıdır. Yeri gəlmişkən, yun tədarükü ilə bağlı cəmi bir sahə var. Bu il ən azı 10 yeni yun tədarükü sahəsi yaradılmalıdır".
Dövlət başçısının sözlərinə görə, bir tərəfdən əlbəttə, bu rəqəmlər onu göstərir ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik. Dövlət başçısı qeyd edib ki, idxaldan asılılıq maksimum dərəcədə azalmalıdır. Bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyuta ehtiyatımıza qənaət etməliyik.
Dövlət-sahibkar münasibəti daha da dərinləşir
Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının son zamanlar imzaladığı sərəncamlar sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar.
Son illərdə Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, biznes və investisiya mühitinin davamlı kimi yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan sözügedən konfransda Prezident İlham Əliyev əlavə edib ki, investisiya ancaq o yerə qoyulur ki, orada artıq baza infrastrukturu var: "Əgər investor hansısa işi görmək istəyirsə, görsə ki, işıq, qaz və su yoxdur, heç vaxt ora investisiya qoymaz. Yaxud heç bir investor öz hesabına infrastruktur layihələrinə pul qoymaz, bu, dövlətin işidir. Biz bunu görmüşük. Daxili və xarici investorlar üçün. O ki qaldı, daxili biznes qurumlarının fəaliyyətinə, deyə bilərəm ki, bu illər ərzində Azərbaycanda güclü biznes sinfi - fəal, milli biznes sinfi formalaşıb. Əlbəttə ki, dövlət də bu sahədə öz dəstəyini əsirgəmir. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğul oluram. Onlara həmişə siyasi və maddi dəstək də verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan, heç bir iş görmək mümkün deyil. Bir də ki, riskli yerlərə, ölkələrə heç bir biznesmen, iş adamı heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddı dəstək - bax, bu faktorlar, hesab edirəm ki, milli biznes sinfini formalaşdırır. Son illər ərzində, təxminən 2 milyard manat dəyərində Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək verib. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək".
Bütün bu uğurlu nəticələr, onu deməyə əsas verir ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha da artırılacaqdır. Çünki sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına və əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəkdir.
RƏFİQƏ KAMALQIZI
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...