"İlk növbədə, 28 May Respublika Günü münasibətilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıları təbrik edirəm. 28 May - Respublika Günü müstəqilliyimizin bünövrəsinin qoyulduğu tarix kimi yadda qalıb, Azərbaycan tarixinə qızıl həriflərlə yazılıb. 1917-ci ildən etibarən Çar Rusiyası kimi böyük bir imperiya dağılırdı və imperiyanın daxilində olan xalqlar öz müstəqilliklərini əldə edirdilər. Artıq proses davam edirdi və təbii ki, Azərbaycan da bu prosesə qoşuldu". Bunu SİA-ya açıqlamasında "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.B.Quliyevin sözlərinə görə, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi: "Çox təəssüfedici bir haldır ki, bu bəyannamə Gürcüstanda imzalandı. Baxın, Azərbaycanda o dövrdə hakimiyyətdə olan rəhbərliyin səriştəsizliyi ucbatından məhz erməni qruplaşmasının birgə fəaliyyəti nəticəsində ölkəmiz öz İstiqlal bəyannaməsini Azərbaycanda qəbul edə bilmədi. Azərbaycan Şərqin ilk Demokratik Parlament respublikası kimi öz müstəqilliyinə qovuşdu. O dövrdə bu, sözün əsl mənasında Şərqə və Avropaya bir mesaj oldu. Sözsüz ki, hüquqi cəhətdən dövlət qurumlarının formalaşması prosesi başladı. İlk hökumətin başçısı Fətəli Xan Xoyski oldu. Qeyd edək ki, bütün bunlar Məmməd əmin Rəsulzadənin o dövrdəki rəhbərliyi ilə baş vermişdi. Hətta adlarını çəkmədiyimiz siyasətçilərin də o dövrdə böyük rolu və missiyası olub. O dövrdə Bayrağımızın, Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması çox vacib amillərdən biri idi. Ümumiyyətlə, o dövrdə Azərbaycanın Xalq Cümhuriyyəti, dövləti kimi formalaşmasına start verildi. Amma çox təəssüflər olsun ki, dövlət cəmi 23 ay yaşadığına görə, bu proses yarımçıq qaldı. Azərbaycanın dövlətçilik tarixi qədimdir. Bildiyiniz kimi Azərbaycanda müxtəlif dövlətlər və daxilində müxtəlif xanlıqlar olub. Təəssüfedici haldır ki, o dövrdə Milli Şuranın Ermənistana güzəştə getməsi nəticəsində bu gün İrəvan xanlığı Ermənistanın əlindədir. Hətta Borçalı mahalı belə Azərbaycan ərazisi olmuşdu."Müstəqilliyi əldə etmək çətindir, onu qoruyub saxlamaq ondan da çətindir", Ümummilli Lider Heydər Əliyev həmişə müstəqilliklə bağlı fikirlərində bu ifadələri işlədirdi. Mən bu fikirlərə istinad olaraq demək istəyirəm ki, Azərbaycanın Xalq Cümhuriyyəti 23 ay yaşasa da müəyyən işlər görüldü. Amma sonrakı dövrlərdə proletariat diktaturası - SSRİ-nin yaranması digər respublikalar kimi Azərbaycanın da faktiki müstəqilliyinə son qoyuldu. 1980-ci illərin sonları 1990-cı illərin əvvəllərində növbəti dəfə SSRİ-nin dağılması prosesi başlandı. Artıq Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etmiş oldu. Lakin təəssüflər olsun ki, həmin dövrdə də müstəqil, güclü dövlət qurmaq imkanı olmadı. 1990-cı illərin əvvəllərində tarixi ictimai-siyasi vəziyyət çox gərgin idi. Hətta deyərdim ki, dövlətin yenidən dağılması təhlükəsi var idi. Faktiki olaraq ölkədə vətəndaş müharibəsi gedirdi.Sözsüz ki, xalqın müdrik qərarı, öz liderinə etibarı və liderini düzgün seçməsi nəticəsində o dövrdə ziyalıların Heydər Əliyevə müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı məhz "Səs" qəzetində dərc olundu və bu addım sonradan ölkənin ictimai-siyasi həyatında köklü dəyişiklərə səbəb oldu. Ümumiyyətlə, dövlətlərin qurulma prosesində əgər lider düzgün seçilməzsə və yaxud həmin məqamda lider öz liderlik keyfiyyətini ortaya qoymazsa dövlətin yaşaması, əbədi müstəqilliyi mümkün deyil. Biz bunu 1918-ci ildə gördük və 1991-cı ildə yenidən rastlaşdıq. Amma Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra artıq Azərbaycan müstəqil dövlət kimi dünyaya tanındı və gücləndi. Bax, bugünkü dövlətin kökündə, bazasında bir Heydər Əliyev dəsti xətti və Ümummilli Liderimizin xüsusi xidməti var. Ulu Öndər hakimiyyətə gəldikdən sonra sürətlə hüquqi dövlət quruculuğu prosesi başladı. Eləcə də hüquqi dövlət quruculuğu prosesinə ictimaiyyətin və Vətəndaş Cəmiyyəti institutlarının cəlb edilməsi prosesi davam etdi. Bu gün artıq ölkəmiz sözün əsl mənasında güclü, müstəqil dövlət kimi dünyaya təqdim olunur.Son dövrlərdə Azərbaycanda keçirilən beynəlxalq yarışlar, ölkəmizdə baş verən inkişaf prosesləri və dünyada cərəyan edən iqtisadi tənəzzül fonunda Azərbaycanın güclü, qüdrətli dövlət kimi təqdim olunmasının və konkret olaraq müstəqil siyasət həyata keçirdiyinin şahidi oluruq. Müstəqillik təkcə danışıqdan ibarət deyil, müstəqillik bir faktordur. Bu faktor özünü müstəqil siyasətdə göstərməlidir. Bax, bu gün Azərbaycan müstəqil siyasətdə sözün əsl mənasında müstəqildir. Cənab Prezident İlham Əliyevin atdığı addımlar göstərir ki, Azərbaycan dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi qəbul edilir".Səs Media Qrupun rəhbəri bildirib ki, Azərbaycan 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi etdi: "Əgər dövlətçilikdən, güclü dövlətdən danışırıqsa biz bunu nümunə kimi göstərə bilərik. Bu oyunları təşkil etməklə ölkəmiz Avropaya, dünyaya bir demokratiya çağırışı etdi. Bununla da müasir dövrdə adını ilklər siyahısına yazdı və Avropa Oyunlarının yeni bir standartını yaratdı. Azərbaycan sübut etdi ki, dünyəvi dövlət kimi Avropanın ən inkişaf etmiş dövlətidir. Bu ilin mayın 12-dən 22-dək Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında isə yenidən ölkəmiz öz ənənələrinə, dininə, coğrafi mövqeyinə sadiq ölkə kimi müsəlman dünyasının ən aparıcı dövlət olduğunu sübuta yetirdi. Qərb mətbuatında çıxışları zamanı bəzi siyasətçilər belə hesab edirdilər ki, III İslam Həmrəyliyi Oyunları İranda baş tutmadığı kimi, növbəti oyunlar da Azərbaycanda baş tutmayacaq. Yəni bəzi islam dövlətləri arasında baş verən münaqişələr, məzhəb məsələləri imkan verməyəcək ki, bu oyunlar baş tutsun. Amma bütün məqamlarda cənab Prezident İlham Əliyevin liderlik xarizması, liderliyi, Azərbaycanın müstəqil siyasəti və müstəqil dövlət kimi dünyaya tanınması şərait yaratdı ki, İslam ölkələri bir araya gələ bilsin və ölkəmiz həmrəyliyini nümayiş etdirsin. Bu, Azərbaycanın gücünün, imkanlarının dünyaya yenidən təqdim olunmasıdır. IV İslam Həmrəyliyi Oyunları zamanı dünyanın diqqəti Azərbaycana yönəldi. Eyni zamanda Azərbaycan həqiqətən də müsəlman dünyasının sülh, dostluq dünyası olduğunu bir daha sübut etdi. Ümumiyyətlə, idman cəmiyyətdə tək idman yarışı kimi yadd qalmır. İdman siyasətdir, mədəniyyətdir, iqtisadiyyatdır, xarici, daxili siyasətdir, turizmdir və s. Bunların hər birinin kökündə idman siyasəti dayanır. Yəni Azərbaycanın apardığı xarici və daxili siyasətin əsasında stabillik, inkişaf idman, iqtisadi siyasət və xalqa xidmət siyasəti dayanır. Bu gün Azərbaycan həm müstəqil Şərq dövləti kimi, həm də Qərb dövləti kimi bağlayıcı rol oynayır. Azərbaycan idmançıları I Avropa Oyunlarında ikinci yeri çıxdısa, IV islam Həmrəyliyi Oyunlarında birinci yerə sahib oldu. Yəni müstəqilik dövründə anadan olan və o dövrdə yaşayan sağlam ruhlu, fiziki görünüşlü insanlarımızın, gənclərimizin fəallığı sayəsində bu gün ölkəmiz dünyanın ən güclü idmançıları siyahısındadır. Ümumiyyətlə, dünyada müstəqillikdən çox danışılsa da bəzi dövlətlər var ki, super dövlətlərin forpostudur. Amma bu gün Azərbaycan müstəqil siyasət aparır. Əsas odur ki, hakimiyyət, Prezident xalqın yanındadır. Prezident hər bir vətəndaşının prezidentidir".
sia.az