Astara rayonunda Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransa partiyanın ilk təşkilatlarından 270 nəfər nümayəndə dəvət olunub. Milli Məclisin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə, Milli Məclisin üzvləri Rəşad Mahmudov, Mirkazım Kazımlı və rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev konfransda iştirak ediblər. İştirakçılar əvvəlcə Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər qoyublar.
Konfransda YAP-ın yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədovun partiyanın rayon təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib. Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon Qadınlar Şurasının sədri Yasəmən Rəsulova, YAP rayon Gənclər Təşkilatının sədri Tural Eyvazov, RTŞ-nin müdiri Qızbəs Məmmədova və başqaları konfransda çıxış ediblər.
Milli Məclisin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə, Milli Məclisin üzvləri Rəşad Mahmudov, Mirkazım Kazımlı konfransda çıxış edərək Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideyalarının ümumbəşəri dəyərlər əsasında inkişaf etdirilməsində mühüm rol oynadığını, güclü və nüfuzlu siyasi partiya kimi xalqa sədaqətlə xidmət göstərdiyini, hazırda ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini daha geniş və uğurla davam etdiyini nəzərə çatdırıblar.
Konfransda təşkilati məsələyə baxılmış, YAP rayon təşkilatının Siyasi Şurası və idarə heyətinin yeni tərkibi seçilib.
Rayon İcra Hakimiyyəti başçısının RİHB-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Firudin Əhmədov YAP rayon təşkilatının sədri seçilib.
Rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatı idarə heyətinin üzvü Qəzənfər Ağayev konfransda çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu, yeganə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası Azərbaycanın ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranıb.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, torpaqlarımız düşmən tərəfindən işğal edilərək soydaşlarımız doğma yerlərindən didərgin düşmüşdü. Respublikada xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Bu idarəolunmaz vəziyyətdə hamı həqiqi liderin intizarında idi. Xalq yeganə ümidini dünya şöhrətli siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyevə bağlamışdı. Azərbaycan xalqı Naxçıvan Muxtar Respubilikası Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevə çoxsaylı müraciətlər edərək gənc, müstəqil Respublikanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün rəhbərliyə dəvət etdi.
Görkəmli və mahir siyasətçi olan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etmək, xalqı mövcud fəlakətdən qurtarmaq üçün müraciətləri müsbət cavablandıraraq yeni siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq verdi. 1992-ci ilin noyabrında təsis olunan Yeni Azərbaycan Partiyası 6 aydan sonra siyasi hakimiyyətə gələrək Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi. Bu Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri idi.
Yeni Azərbaycan Partiyası Ulu Öndərin və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçib. Artıq 25 ildir ki, Qafqaz regionunun ən güclü və demokratik siyasi qüvvəsi olan, xalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamla inkişafa, uğurlu gələcəyə doğru aparır. Ulu Öndərin dediyi kimi "Yeni Azərbaycan Partiyası dünәnin, bu günün, sabahın partiyasıdır". Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur bizi hədsiz sevindirir, daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandırır.
sia.az