PDF Oxu

Siyasət

  • 2 782

Sənayenin inkişafı ölkənin iqtisadi dayağıdır

Sənayenin inkişafı ölkənin iqtisadi dayağıdır

İlham Əliyev: “Bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır”
Məlum olduğu kimi, 2017-ci ilin əvvəlindən ölkəmizin iqtisadi və sosial həyatında dinamik inkişafı davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı bir qədər də artmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını xeyli möhkəmləndirmişdir.
Qeyd edək ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda, ötən dövr ərzində, ölkə iqtisadiyyatında əldə olunmuş nəticələr geniş müzakirə edilib. İqtisadiyyatımızın vəziyyətini xarakterizə edən göstəricilər bir daha təsdiqlədi ki, bu gün Azərbaycan yenidən sürətli inkişaf yoluna qədəm qoyub. Reallığı təsdiq edən faktlara diqqət yetirək. Ötən ilin ilk üç ayı ilə müqaisədə qeyri-neft sektoru 2,4 faiz, o cümlədən, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 10 faiz artıb, idxal isə 17 faiz azalıb. Bütün bu uğurlar isə, ölkə Prezidentinin apardığı islahatların nə qədər düzgün və səmərəli olduğunun bir daha təsdiqidir. Sözügedən müşavirədə Prezident İlham Əliyev ilk üç ayda əldə olunan nailiyyətlərdən danışarkən, bildirdi ki, birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib.
Digər bir məqam isə, dünyada baş verən iqtisadi tənəzzülün ölkəmizdən də yan keçmədiyi bir dönəmdə cari ilin başlanğıcında uğurlu nailiyyət əldə olundu. Eyni zamanda, ölkədə azad sahibkarlığın sürətli inkişafını təmin edən onlarca qərar qəbul edildi. Neftin qiymətlərinin kəskin azaldığı bir dövrdə, neft ölkəsi olaraq, real sektorun inkişafı istiqamətində atılan belə qətiyyətli addımlar beynəlxalq maliyyə qurumlarının və digər reytinq agentliklərinin diqqətindən yayınmadı. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi mötəbər maliyyə institutlarının rəhbərlikləri tərəfindən Azərbaycan hökumətinin apardığı islahatlar yüksək qiymətləndirildi və onlar bu işdə bizə daim dəstək verməyə hazır olduqlarını bəyan etdilər.

Qeyri-neft sənayesinin inkişafı istiqamətində reallaşacaq layihələr

Bütün deyilənlərlə yanaşı, vurğulamaq lazımdır ki, bu gün Azərbaycan hökuməti ölkədə qeyri-neft sənayesinin inkişafı istiqamətində çox ciddi layihələrin reallaşdırılmasına start verib. Neft-kimya sənayesi məhsullarının istehsalının və ixracının əsaslı şəkildə genişləndirilməsini nəzərdə tutan bu layihələr yaxın gələcəkdə ölkəyə daha çox valyuta axınını təmin edəcək.
Cari ildə Bakı - Tbilisi - Qars dəmir yolunun, Şimal - Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi, Ələt Beynəlxalq Ticarət Limanında tamamlama işlərinin başa çatdırılması Azərbaycanı regionun ən böyük tranzit yükdaşımalar ölkəsinə çevirəcək və son nəticədə, Azərbaycan üzərindən yüz milyonlarla yükün daşınmasına şərait yaranacaq. Həmçinin, bu da, real faktordur ki, Azərbaycanda turizmin inkişafı istiqamətində hökumətin müəyyən etdiyi strategiya artıq öz bəhrəsini verməkdədir. Bunun əsas səbəbi isə, Qafqaz regionunda ictimai-siyasi sabitlik məkanına çevrilən ölkəmiz son zamanlar xarici turistlər üçün daha cəlbedici olub. Bu ilin birinci rübündə ölkəyə turist axını 25 faiz artıb. İndi bu sahədə yaxın hədəfimiz ölkəyə gələn turistlərin sayını 8-10 milyon nəfərə çatdırmaqdan ibarət olmalıdır.
Ölkə Prezidnti İlham Əliyevin dediyi kimi: “Azərbaycan öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasəti uğurla həyata keçirilir”.
Beləliklə, bütün təhlillər göstərir ki, Azərbaycanda sənayenin inkişafı üçün hələ çox böyük perspektivlər qalmaqdadır və ölkə başçısının qəbul etdiyi müvafiq proqram və qərarlarla bu perspektivlər gerçəkləşəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər