“Azərbaycan həqiqətlərinin dünya ölkələrində təbliği ilə bağlı diplomatik korpuslarımızın gördüyü işlər, Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə təhdidləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması kimi məsələlər Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin qarşısında duran bir nömrəli prioritet vəzifələrdən biridir və bu istiqamətdə işlər daimi əsasla aparılır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.XİN sözçüsünün sözlərinə görə, burada əsas hədəflərdən biri diplomatik nümayəndəliklərin fəaliyyət göstərdikləri ölkənin siyasi hakimiyyət dairələrinin məlumatlandırılmasıdır: “Bu əsasda da daimi olaraq görüşlər keçirilir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün istiqamətləri və aspektləri barəsində məlumat verilir. Bundan əlavə diplomatik nümayəndəliklər fəaliyyət göstərdikləri ölkələrin və geniş ictimai-siyasi dairələri və vətəndaş cəmiyyəti təşkilatları (QHT-lərlə, akademik mərkəzlərlə, elm-tədqiqat mərkəzləri ilə və s.) ilə iş aparırlar.Növbəti bir istiqamət kütləvi informasiya vasitələridir ki, diplomatik nümayəndəliklərimiz KİV-də davamlı əsasda müxtəlif məqalələrlə, yazılarla çıxış edərək ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyi, Ermənistanın təcavüzü və işğalının fəsadları, münaqişənin hümanitar aspektləri barəsində geniş ictimaiyyəti məlumatlandırırlar.Bundan əlavə növbəti bir istiqamət rəqəmsal diplomatiya imkanlarından da istifadə olunmasıdır. Demək olar ki, bu gün əksər diplomatik nümayəndəliklərin “tvitter”, “facebook” və digər sosial şəbəkə profilləri var. Bu profillərdə də daha çox yerli dillərə, yerli auditoriyanın tələblərinə uyğun olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər dayanır”.
sia.az