PDF Oxu

Siyasət

  • 3 836

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərə gəlir

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərə gəlir

Ekspertlər: "Gələcəklər, tərəflərlə görüşəcəklər, tərəfləri təmkinli olmağa çağıracaqlar və gedib yenə də bir müddət dincələcəklər"

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər çərçivəsində iyunun 19-da Bakıda olacaqlar. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmsədrlərin regiona səfərlərini şərh edərkən bildirib ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin substantiv danışıqlar yolu davam etdirilməsinə hazırdır: "Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi cəfəng fikirləri, bir daha onu göstərir ki, Ermənistanın siyasəti işğala əsaslanan status-kvonun davam etdirilməsidir".
Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, həmsədrlərin regiona səfərləri cəbhədə gərgin durumun hökm sürdüyü məqamda reallaşır: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səfərləri Ermənistan ərazisindən başlayacaq. Yəni əvvəlcə Yerevanda olacaqlar, orada müəyyən görüşlər keçirəndən sonra Xankəndinə gəlməlidirlər. Sonradan isə Azərbaycana qayıtmalıdırlar. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında beynəlxalq prinsiplərə əsaslanır. Azərbaycan öz suveren ərazilərinin bərpası və işğalçıların torpaqlarımızdan çıxmasına çalışır. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli kulminasiya nöqtəsinə çatıb. Elə bir vəziyyət yaranıb ki, istənilən vaxt yalnız lokal müharibə deyil, regionu alışdıra biləcək hərbi müharibə baş verə bilər. Məhz buna görə də, düşünürəm ki, ATƏT-in Minsk Qrupu həmsədrləri öz üzərilərinə düşən missiyanı yerinə yetirməlidirlər. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında böyük rol həmsədr dövlətlərindən biri olan Rusiyanın üzərinə düşür. ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər öncəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir bəyanatla çıxış edib ki, məhz görüşlər ancaq sülhlə bağlı ola bilər, yəni Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə qurtara bilər".
A.Nağıyevin sözlərinə görə, bununla Rusiyanın xarici işlər naziri qeyd etmək istəyir ki, burada hər hansı hərbi müdaxilədən söhbət gedə bilməz: "Çox təəssüflər olsun ki, Rusiya həm ATƏT-in Minsk Qrupu həmsədr ölkələrindən biri kimi, eyni zamanda, Ermənistana təsir mexanizminə malik olan bir dövlət kimi sona qədər işğalı ölkə olan Ermənistana təzyiq göstərmir. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərləri və sonradan da bəyanatlar vermələri heç də Azərbaycan tərəfini qane edə bilməz. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupu həmsədrlərindən, konkret olaraq, təkliflər gözləyirik. Siyasi şərhçi Azər Həsrət də bizimlə söhbətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərlərindən nəticə gözlənilmədiyini bildirdi: "Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı artıq ATƏT-in Minsk Qrupu həmsədrləri uzun illərdi ki, fəaliyyət göstərirlər. Amma bu illər ərzində həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru hər hansı bir addımlar atılmayıblar. Bu baxımdan, onu demək olar ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün bu iş, sadəcə, əməkhaqqı almaqdan ötrüdür. Başqa heç bir faydası olmayan, görüntüyə hesablanmış fəaliyyətdir. Ona görə də, onların budəfəki turist səfəri də heç nəyi dəyişməyəcək. Gələcəklər, tərəflərlə görüşəcəklər, tərəfləri təmkinli olmağa çağıracaqlar və gedib yenə də bir müddət dincələcəklər. Münaqişə isə həll olunmamış qalacaq. Bundan əziyyət çəkənsə, Azərbaycan olacaq. Ona görə də, budəfəki səfərdən nəsə irəliləyiş gözləməklə özümüzü aldatmış olarıq".

GÜLYANƏ

Digər xəbərlər