PDF Oxu

Siyasət

  • 2 183

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının IX konfransı keçirildi

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının IX konfransı keçirildi

Dünən YAP Ağcabədi rayon təşkilatının IX konfransı keçirildi. Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu Ulu Öndər Heydər Əliyevin rayonun Heydər Əliyev meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzməklə, Onun əziz xatirəsini ehtiramla yad etdilər.

Yaqub Məmmədov adına rayon Mədəniyyət Mərkəzində keçirilən konfransdan əvvəl Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü və keçdiyi inkişaf yoluna, həmçinin, YAP Ağcabədi rayon təşkilatının hesabat dövründə gördüyü işlərə dair video-görüntü nümayiş etdirildi.
Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilkatının sədri Rövşən Əhmədov konfransı açıq elan etdi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
VIII konfransdan ötən dövr ərzində görülən işlər barədə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov hesabat məruzəsi ilə çıxış edərək, bildirdi ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır: "Ümummilli Liderin nurlu zəkasından yaranan və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna və tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən və böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir: "Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaradılmasına 1993-cü ilin mart ayında 12 nəfər YAP üzvü tərəfindən təşəbbüs göstərilmiş və 1995-ci ilin yanvar ayının 15-də 265 nəfər YAP üzvü ilə Konfansını keçirmişdir. 2013-cü ilin may ayında keçirilən sonuncu VIII konfrans zamanı üzvlərinin sayı 8755 nəfər olmuşdur. Rayon təşkilatının hazırda keçirilən IX konfransı dövründə isə 94 ilk təşkilat ətrafında 13550 nəfər YAP üzvü birləşir".
Sonra gündəliyə müvafiq olaraq, YAP Ağcabədi rayon təşkilatının nəzarət-təftiş qrupunun sədr müavini Elsevər İsmayılov çıxış edərək, ötən dövr ərzində nəzarət-təftiş qrupunun gördüyü işlər barədə hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədri Elnur Quliyev, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova çıxış edərək, ötən konfransdan keçən müddətdə görülən işlər və keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın ötən konfransdan keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildirdilər. O cümlədən, təşkilati məsələlərə də baxıldı.
Konfransda YAP Ağcabədi rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 13 nəfərdən ibarət idarə heyəti, 9 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi seçildi. Yığıncaqda, həmçinin, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov yenidən rayon təşkilatının sədri seçildi və sədrin müavinlərinin seçilməsi məsələsinə baxıldı. Teymur Rəhimov və Eldəniz Qənbərov təşkilat sədrinin müavinləri seçildilər.
Konfransda Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, İcra katibinin müşaviri Kərim Kərimov, Ağcabədi rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, respublikanın ictimai-siyasi həyatında oynadığı roldan danışdılar.
Qeyd edək ki, konfransda Milli Məclisin deputatı Tahir Rzayev və YAP Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov iştirak edirdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər