Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirildi.
Konfransda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov, YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, Milli Məclisin deputatları Aqiyə Naxçıvanlı, Hikmət Babaoğlu, Adil Əliyev, Cavanşir Paşazadə, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, rayonun idarə-müəssisə rəhbərləri və konfrans nümayəndələri iştirak edirdilər.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar icra hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad etdilər.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başladı.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev gündəliyə uyğun olaraq IX konfransdan ötən dövr ərzində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verdi. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində, ölkəmizin son illərdə istər regionda, istərsə də bütün dünyada qazandığı uğurlardan danışan rayon təşkilatının sədri müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola nəzər saldı. T.Tağıyev YAP-ın monolit birliyi, böyük sosial bazası olan bir partiya olduğunu və Azərbaycan xalqının onun ətrafında sıx birləşdiyini vurğuladı.
T.Tağıyev təşkilatın YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin icrasını layiqincə yerinə yetirdiyini vurğuladı. Ötən dövr ərzində YAP Nərimanov rayon təşkilatının tərkibinin daha da genişlənərək, üzvlərinin say tərkibinin artımı yönündə müsbət irəliləyişlər əldə edildiyini bildirdi: “Belə ki, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının IX konfransında üzvlərini sayının 19658 nəfər olduğu halda, X konfransa qədərki dövrdə üzvlərin sayı 21340 nəfərə çatmışdır. Hal-hazırda, ilk partiya təşkilatlarının sayı 131-ə çatıb”.
Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev YAP-ın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edərək, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndirdi. A.Fərzəliyev YAP və onun Böyük Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyduğunu, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Ulu Öndər Heydər Əliyev fenomeninin və dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov YAP-ı Ümummilli Lider Heydər Əliyev siyasətinin, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin bu gün həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edən bir partiya kimi səciyyələndirdi: “Çoxminli üzvü olan YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq, siyasi meydana qədəm qoydu, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrildi. Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Bu gün Ulu Öndərimizin layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyev əbədi Liderin tövsiyələrinə sadiq qalaraq, Azərbaycana rəhbərlik etdiyi müddətdə sosial-iqtisadi naliyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin formalaşdırma prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Möhtərəm prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində, Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir”.
Əli Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinə nəzər salaraq, Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdığını və bunun çox uğurlu nəticələr verdiyini diqqətə çatdırdı: “Bu gün bizim Birinci vitse-prezidentlik institutunu, məhz Mehriban xanım Əliyeva inkişaf etdirir. Mən əminəm ki, Birinci vitse-prezidentlik institutu Azərbaycan dövlətinin inkişafını təmin edəcək, əsas hədəflərini, sosial, mədəni və digər layihələri uğurla həyata keçirəcək bir qurum olacaq. Mehriban xanım Əliyevanın dinamik xarakteri, Onun xarakterindən gələn konkretlik, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi əsas verir ki, o, Cənab Prezidentin əsas silahdaşlarının başında dursun və bu silahdaşlar ordusunun səfərbər olunaraq, gələcəyə baxmasına töhfə versin”.
Konfransda çıxış edən təşkilatın ağsaqqal üzvü, “91-lər”dən olan Əlişir Musayev, YAP Nərimanov rayon qadınlar şurasının sədri Məhəbbət İbrahimova, təşkilatın gənclər birliyinin sədri Yusif Babanlı partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırmasını, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini, xüsusilə vurğuladılar.
Rəsmi çıxışlardan sonra təşkilati məsələlərə baxıldı, rayon təşkilatının 31 nəfərdən ibarət idarə heyəti, 73 nəfərdən ibarət şura üzvü və 9 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvləri seçildi. Təmraz Tağıyev yenidən YAP Nərimanov rayon təşkilatının sədri və 6 nəfər isə sədr müavini seçildi.
Konfransda Yeni Azərbaycan Partıyası tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak etdiyinə və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalı Fəxri Fərman və hədiyyələrlə təltif olundu.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə müraciət oxundu.
Nəzakət ƏLƏDDİNQIZI