İlham Əliyev: “Qısa müddətdə həm ölkə iqtisadiyyatı, həm iş adamları xeyir götürəcəklər”
Vətəndaşların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi hər bir dövlətin sosial siyasətinin əsas məqsədlərindəndir. Bu, əhalinin məşğulluğunun, tibbi xidmətlərin yüksək səviyyəsinin, pensiyaçıların, çoxuşaqlı ailələrin və əlillərin hüquqlarının müdafiəsinin təmini yolu ilə həyata keçirilir.
Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. Azərbaycanda genişmiqyaslı sosial siyasət aparılır. Dövlətimizin başçısı, dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi və yoxsulluğu aradan qaldırmaqdır.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil etməkdədir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin, nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Bu isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyevin hər bir addımda vətəndaşların mənafeyini əsas götürdüyünü sübut edir.
Prezidentin son qərarları əhalinin sosial rifahının güclənməsinə hesablanıb
Azərbaycan Respublikası Prezidentinin “Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” imzaladığı Fərmanına əsasən, ölkəmizdə “güzəştli mənzil” sisteminin yaradılması bir daha dövlət başçısının xalqına olan diqqət və qayğısının bariz nümunəsi olmaqla yanaşı, həm də bu Fərman mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirilir. Sözügedən məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Bayramov “SƏS” qəzetinə açıqlamasında yeni sistemlə bağlı məlumat verərək, bildirdi ki, artıq sosial evlərin inşa edilməsi ilə bağlı yer Yasamal rayonu ilə razılaşdırılıb və qərar verilib: “Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödəniş aylıq 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. Sosial evlərin qimətləndirilməsində göstərilir ki, birinci mərhələdə 200 min ailəyə evlərin verilməsi nəzərdə tutulub”.
İqtisadçı-alim qeyd edib ki, sosial mənzillərə sahib olacaq vətəndaşlar hər ay üçün 150-200 manat ödəniş edəcəklər: “Daha dəqiq məbləğ xərclər hesablandıqdan sonra bəlli olacaq. Ancaq bütün hallarda, iki otaqlı mənzillərin aylıq ödənişi təxminən 150 manat dəyərində müəyyənləşəcək. Bununla da, vətəndaşlar mənzil problemlərini sosial evlər vasitəsilə həll etmiş olacaqlar”.
Ölkə Prezidenti bütün çıxışlarında öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinasız baxan və vəzifə borcunu layiqincə yerinə yetirə bilməyən məmurlara daim xəbərdarlıq edir və barələrində ciddi ölçü götürür. Bu, Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə və həssaslığa malik lider olduğunu parlaq şəkildə əks etdirir. “Hər bir məmur xalqının xidmətçisi olmalıdır”-deyən Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirir.
Ölkə Prezidenti İlham Əliyev öz çıxışlarının birində demişdir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.”
Beləliklə, yuxarıda göstərilən məqamlar sübut edir ki, ölkə Prezidenti İlham Əliyevin bütün fəaliyyəti və verdiyi son qərarları Azərbaycanda əhalinin sosial rifahının güclənməsinə hesablanıb və xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bu isə, ölkəmizdəki sağlam yaşam mühiti, təhlükəsiz həyat şəraiti, birmənalı olaraq, dövlətimizin başçısı İlham Əliyevin apardığı və qarşıya qoyduğu məqsədyönlü siyasətinin nəticəsidir.
RƏFİQƏ KAMALQIZI