Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov həmkarı Qüdrət Həsənquliyevin Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin Heydər Əliyev və Əbülfəz Elçibəyin adına universitetin yaradılması ilə bağlı fikirlərinə münasibət bildirib. SİA-nın xəbərinə görə, Milli Məclisin son növbədənkənar plenar iclasında çıxış edən S. Novruzov söyləyib ki, adların əbədiləşdirilməsi məsələsinə fərqli yanaşmaq lazımdır: "Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır. Lakin həmkarım Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq Ulu Öndərin digərləri ilə müqayisə edilməsi düzgün deyil. Çünki Ulu Öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Ümummilli Lider Heydər Əliyev xaosun, ölkəmizin müstəqilliyi təhlükə altında olduğu zaman hakimiyyətə gələrək Azərbaycanı xilas edib. Dahi şəxsiyyət hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda hakimiyyətdə olan müxalifəti də xilas edib. O zaman Sürət Hüseynova "Azadlıq meydanı"nda dar ağacları qurulmuşdu və oradan kimlərin asılacağı bəlli idi. Odur ki, Ümummilli Lider hakimiyyətə gəlməklə müxalifətdə olanları xilas etdi. Buna görə də Ulu Öndərin adı əbədiləşdirilməli, Onun adına məktəb, universitet olmalıdır. Çünki Ulu Öndər xalqın ən ağır vəziyyətində onların yanında olub".
sia.az