İlham Əliyev: “...Bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır”
Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən və irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə - Azərbaycanda firavan həyat sürməsinə əsas verir. Bu məkanda hər kəs milli mənsubiyyətindən və irqindən asılı olmayaraq, azad nəfəs alır və sərbət fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir: “Biz nümayiş etdiririk ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək və nəticədə, bu işlə məşğul olanların özlərinə xələl gətirəcək”.
Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmaların olması Azərbaycan kimi sülhsevər bir dövləti narahat etməyə bilməz. Dünyaya multkultural dəyərələrini, tolerant mühitini bəyan edir və özünün xoşməramlı mesajlarını göndərir.
Dövlət-xalq birliyinə əsaslanan müdrik siyasət sayəsində Azərbaycan yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Son illər ölkəmizdə keçirilən Mədəniyyətlərarası Dialoq, Qlobal, Humanitar forumlar, Dünya Dini Liderlərinin Sammiti Bakını dünyanın humanitar mərkəzinə çevrib.
Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi bəşəri dəyərlərə olan ali münasbətin daha bir təzahürüdür. “İslam Həmrəyliyi İli” çərçivəsində İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsinin Azərbaycanda bir araya gəlməsi islam dünyasında böyük təntənə kimi qəbul olundu. Ölkəmizə gələn hər bir kəs burada tolerantlıq mühitinə, islami dəyərlərə dövlət tərəfindən böyük önəm verildiyinin bir daha şahidinə çevrildilər. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq və multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir.
“AZƏRBAYCANDA
DÖVLƏT DİNİ MƏSƏLƏLƏRƏ QARIŞMIR, ƏKSİNƏ, ÇALIŞIR Kİ, KÖMƏK GÖSTƏRSİN”
Bəli, bu gün Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrində böyük hörmətlə yanaşan bir ölkədir. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə iqamətgahında təşkil olunan iftar süfrəsində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, islami dəyərlər milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir: “... bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki, gənc nəsil də milli ruhda böyüyür, yetişir. Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır”. Cənab Prezident Azərbaycanda dövlət-din münasibətlərinin necə qurulduğuna nəzər salarkən, vurğulayıb ki, Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin: “Dövlət xətti ilə təmir edilmiş və tikilmiş tarixi məscidlərimiz, dini abidələrimiz, eyni zamanda, kilsələr, sinaqoqlar artıq bunun bariz sübutudur. Din də dövlət işinə və siyasi işlərə qarışmır. Hesab edirəm ki, bu da nümunəvi bir yanaşmadır. Bununla bərabər dövlət və din bir yerdədir. Çünki bizim amalımız birdir. Biz istəyirik ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın və dinamik inkişafımız uzunmüddətli və dayanıqlı olsun. Ona görə də, din-dövlət münasibətlərinin sağlam zəmində formalaşması bizim böyük sərvətimizdir”.
Əlbəttə ki, dünya ölkələri üçün nümunəyə çevrilən Azərbaycan modeli ölkəmizə gələn xarici qonaqlarda maran doğurur. Qonaqlar abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzini, Katolik Məbədini, İmamzadə Kompleksini, möhtəşəm Heydər Məscidini görür və bunu heyranlıq hissi ilə qarşılayır və Azərbaycan təcrübəsini öyrənməyə çalışırlar.
“BİZ İŞĞALDAN AZAD EDİLƏCƏK BÜTÜN ƏRAZİLƏRİ QISA MÜDDƏT ƏRZİNDƏ BƏRPA EDƏCƏYİK. O ƏRAZİLƏRƏ DƏ HƏYAT QAYIDACAQ, O ƏRAZİLƏRDƏ DƏ
AZƏRBAYCAN BAYRAĞI
QALDIRILACAQ”
Azərbaycanın bugünkü iqtisadi gücünün, inkişafının, milli ordusunun olması onun öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu göstərir. Ötən ilin aprel döyüşləri bunun əyani sübutudur. Artıq bu gün işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi yaşayış üçün yararlı vəziyyətdədir. Burada tikilmiş 50 ev, məktəb, yol və bütün infrastruktur Azərbaycanın iqtisadi gücünün göstəricisi deyilmi? Ölkə başçısı, çıxışında vurğuladığı kimi, biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik: “O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır”.
İftar mərasimində Cocuq Mərcanlının erməni faşizminin canlı şahidi olduğunu bildirən Cənab Prezident bu kəndin cəmi 3-4 ay ərzində işğal altında olduğunu və orada bir dənə də salamat bina qalmadığını bildirib. Ölkəmin iqtisadi gücünün nəticəsidir ki, Cocuq Mərcanlı kəndi iki ay ərzində bərpa olundu. Bu məkanda yüz evin tikilməsi yaxın zamanlar üçün nəzərdə tutulub. Hətta burada Şuşa memarlığı üslubunda nəfis, əzəmətli məscid inşa olunub. Dövlət başçısı Bakıda erməni kilsəsini bərpa etdiyimiz halda, ermənilərin işğal edilmiş torpaqlarda bizim məscidlər
imizi dağıtdıqların bildirib:”Amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır. ...Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl iftar süfrələri açılacaq, İnşallah”.
Bəli, qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycandan əxz ediləcəyi çox məqamlar var. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Nəzakət ƏLƏDDİNQIZI