PDF Oxu

Siyasət

  • 2 735

Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır

Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır


Mehriban xanım Əliyeva: "Bu insanların problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir"

Son 13 ildə həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə edilib, yaradılan təkmil Azərbaycan modeli dünyanın əksər ölkələri üçün nümunədir. Ölkənin əsas sərvəti olan Azərbaycan xalqının inkişafına hesablanmış siyasətdən qaçqın və məcburi köçkünlər də faydalanırlar. Məhz ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Ulu Öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində, qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.
Qeyd edək ki, bu kateqoriyadan olan soydaşlarımız üçün yaradılan mənzil şəraiti yüksək səviyyətə təchiz olunur. Bunu qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimində də müşahidə etdik. Xəzər rayonunun Şüvəlan qəsəbəsində yararsız binada və Xətai rayonunda yarımçıq tikilmiş binada məskunlaşmış 214 ailə Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülüb. Birinci vitse-prezident Mehriban Əliyeva çıxışı zamanı bildirib ki, Ermənistanın artıq 20 ildən çoxdur davam edən işğalçı siyasəti nəticəsində, ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün mövcuddur: "Bu insanların problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. İyirmi ildən çoxdur ki, bu sahədə ardıcıl olaraq, bütün lazımi tədbirlər həyata keçirilir, addımlar atılır. Bildiyiniz kimi, - baxmayaraq ki, müstəqilliyimizin ilk illərində dövlətimiz böyük çətinliklərlə üzləşmişdir, - Azərbaycan hökuməti ölkəmizdə mövcud olan bütün çadır şəhərciklərini qısa bir zamanda ləğv etdirmişdir. Azərbaycanda məcburi köçkün ailələri üçün 100-dək müasir yaşayış kompleksi inşa olunmuşdur. Bu qəsəbələrdə bütün lazımi infrastruktur yaradılmışdır. Qəsəbələr məktəb və bağçalarla təmin olunmuşdur. Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilmişdir. Bu gün də soydaşlarımızın işlə təmin olunması sahəsində dövlət proqramları həyata keçirilir. Bir daha qeyd etmək istəyirəm ki, bu, Azərbaycan dövləti üçün ən ağır, ən vacib problemdir. Azərbaycan dövləti bu problemin həlli üçün bütün lazımi tədbirləri görür və bu siyasət bundan sonra da davam etdiriləcəkdir".
Onu da bildirək ki, bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməli qoyulub. Bu qəsəbədə bütün lazımi infrastruktur - tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunur. Qısa bir zamanda başa çatdırılacaq yeni yaşayış qəsəbəsində çox ağır vəziyyətdə yaşayan daha 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq".
Göründüyü kimi, bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri arasındadır. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur.
Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də, böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz qayğısını göstərir.

"Səs" analitik Qrupu

Digər xəbərlər