İlham Əliyev: "Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, xalq partiyasıdır"
Bu, bir faktdır ki, Azərbaycan dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra ölkəmiz böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların şəristəsiz siyasəti dövlətə və xalqa qarşı edilən xəyanətlər Azərbaycanı, nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetmə üsülü mövcud ağır vəziyyəti daha da ağırlaşdırırdı. Xalqın sabaha olan inamı, demək olar ki, tamamailə sarsılmışdı. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin - partiyanın yaranması zamanın tələbi idi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə muraciət ünvanlandı. 1992-ci il oktyabrın 16-da "Səs" qəzetində dərc edilən və Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ümummilli Lider Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirmişdi. Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədrlik edirdi. Dahi Öndər Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, partiyanın təsis konfrasını orada keçirməyə nail oldu. Azərbaycanın bütün regionlarını əhatə edən nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilmişdi. Təsis konfransı YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etmişdi. Konfransda böyük siyasi xadim Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilmişdi. Beləliklə, müstəqil Azərbaycan tarixində mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası siyasi meydana çıxmış və dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi istiqamətində mübarizəyə başlamışdı. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi şəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək demişdir: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaradılmışdır".
Azərbaycançılıq, dövlətçilik, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın siyasi məfkurəsinin əsasını və Azərbaycanın siyasi gələcəyi uğrunda apardığı fəaliyyətin ideya bazasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi YAP-ın fəaliyyətində yeni mühüm dövrün əsasını qoymuşdu. Belə ki, YAP-ın iqtidar partiyası kimi statusu yeni şəraitə uyğun dəyişmiş, siyasi həyatda oynadığı rol güclənmiş və aparıcı siyasi qüvvəyə çevrilərək, ictimai-siyasi həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirməyə başlamışdı. Müstəqilliyimizin ilk illərində yaşanan böhran Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya və özbaşınalığın sabitliklə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə və siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu.
Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən aparıcı partiyasıdır
2005-ci ilin mart ayında keçirilən YAP-ın III qurultayından sonra partiyanın həyatında yeni mərhələ başladı. Qurultayda təşkilati məsələlərə baxıldı və Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyev partiyanın Sədri seçildi. Bu dönəmdən başlayaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi və bu prosesdə YAP daim ön sıralardadır. YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində, Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə partiyanın üzvlərinin sayı 700 mindir. Yəni bu gün, birmənalı şəkildə demək olar ki, YAP kəmiyyət və keyfiyyət baxımından alternativsiz partiyadır. Onun arxasında 700 minlik ordu dayanıb, hansı ki, bu günə qədər bu sayda gücə malik siyasi təşkilat Azərbaycanda olmayıb. 25 illik fəaliyyəti dövründə partiyamız Ümummilli Liderimiz Heydər Əliyevin yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir.
Ümumiyyətlə, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. YAP-ın məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Prezident İlham Əliyev çıxışlarının birində xalqın partiyası olan Yeni Azərbaycan Partiyası haqqında demişdir: "Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər. Keçən qurultaydan ötən dövr ərzində partiyamız daha da güclənmişdir. Partiyamıza böyük axın vardır".
Ulu Öndərin ideyaları üzərində bərqərar olaraq meydana çıxan Yeni Azərbaycan Partiyası milli vəhdətə, müstəqilliyini yenicə əldə etmiş dövlətimizin təlatümlərdən qurtuluşuna can atan, ölkənin faciələr, sarsıntılar dövrünü keçmişə buraxaraq sabit, ardıcıl, məqsədyönlü inkişaf yoluna qədəm qoymasını arzulayan və bu prosesə öz töhfəsini vermək istəyən Azərbaycan gənclərinin birlik və bərabərlik ünvanı oldu. Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra qadınlarımız Onun milli inkişaf strategiyasının fəal müdafiəçiləri oldular.
1995-ci ildə Ulu Öndərin tövsiyəsi ilə Yeni Azərbaycan Partiyasının mərkəzi və yerli təşkilatlarının tərkibində qadınlar şuralarının yaradılması böyük ictimai dəstəklə müşayiət olunurdu. Ulu Öndər Heydər Əliyevin siyasi dəstəyinə inanan Azərbaycan qadınlarının qabaqcılları belə bir təşəbbüsü yaxından müdafiə edir, bu şuranın işində fəal iştirak etmək üçün dəstə-dəstə Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurdular. Ulu Öndər qadınlarla bağlı demişdir: "Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər, həqiqətən, dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayır".
Azərbaycan qadını bu qiymətin, bu mənəvi məsuliyyətin işığında yeni əsrdə üzərinə düşən vəzifələri düzgün dəyərləndirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizdə gedən çoxşaxəli inkişaf proseslərinə öz töhfələrini verməyə çalışır. Bu siyasətə verilən dəstəklə Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı nailiyyətlərin məzmununda özünün, ailəsinin, övladlarının gələcəyinə ünvanlanmış arzularının addım-addım reallığa çevrildiyini görür. YAP-a gənclərin axını həm kəmiyyət, həm də keyfiyyətcə daha da zənginləşib. Hazırda gənclər ümumi partiya üzvlərinin təqribən 40 faizini təşkil edir. YAP üzvü olan gənclərin böyük əksəriyyəti ali təhsillidir, gənclərdən 176 nəfəri fəlsəfə doktoru, 6 nəfəri isə elmlər doktoru kimi fəaliyyət göstərir. Bundan əlavə, YAP-ın gənc üzvləri sırasında idman ustaları, Dünya, Avropa, Respublika, Olimpiya çempionları, eləcə də, İslam Həmrəylik Oyunlarının qalibləridə var. Hər zaman olduğu kimi, bu gün də Yeni Azərbaycan Partiyasının gənc üzvləri partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir və bu siyasəti ölkə ictimaiyyəti, o cümlədən, gənclər arasında təbliğ edirlər.
Yeni Azərbaycan Partiyası yeni inkişafa, yeni uğurlara doğru
2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının V qurultayında Mehriban xanım Əliyevanın şəxsində, ümumilikdə Azərbaycan qadınına böyük etimad göstərildi. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin müavini seçilməsi ilə Azərbaycan qadınının siyasətdə təmsilçiliyinə böyük dəyər verildi və bu fakt qadınlarımızın Yeni Azərbaycan Partiyasına axınını daha da stimullaşdırdı. Çünki qadınlarımız, bir daha dərk etdilər ki, YAP-ın üzvü olmaq şərəfdir, YAP-ı təmsil etmək qürurdur. Əqidəli yeni azərbaycanlı olmaq ali mənəviyyat və yüksək ləyaqətdir. Dünyada ən böyük məktəb, hansısa dəyərli keyfiyyəti əxz etmək üçün təsirli vasitə bir insanın öz həyat və fəaliyyəti ilə yaratdığı şəxsi nümunədir. Mehriban xanım Əliyeva, bu mənada, Azərbaycan qadınları üçün müasir dünyamızda bəşəriyyətə faydalı olmağın yeni meyarlarını müəyyən edən parlaq örnəkdir. Müasir Azərbaycan tarixinə dünyanın bir çox demokratik, sivil ölkələrinin ictimai həyatında faydalı bir norma kimi çoxdan sabitləşmiş birinci xanım ənənələrini gətirən Mehriban Əliyeva ümumilikdə, bəşəriyyətə təlqin etdiyi prinsiplərlə mədəni dəyərlərə sayğını, insanın insana mərhəmətini, sevgisini, xeyirxahlığı, tolerantlığı, dözümlüyü müasir dünyamızda insan həyatının əsas mənası kimi gündəmə gətirir. Bu gün mədəniyyətlər arasında dialoq məkanına çevrilmiş Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər, bütün dünyada bu yöndə aparılan maarifləndirmə ilə multikulturalizmi, savadlılığı, sivilizasiyalar arasında qarşılıqlı təmasları dünyanı bir çox bəlalardan, konfliktlərdən, toqquşmalardan hifz edə biləcək dəyər kimi diqqətə çatdırır. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyəti incilərinin - səsimizin, sözümüzün bütün dünyada təbliği, dövlətimizin dəstəyi ilə ölkə daxilində və ölkədən xaricdə keçirilən mədəni tədbirlər, reallaşdırılan layihələrlə Azərbaycan özü bu prosesin ən fəal iştirakçısı qismində çıxış edir.
Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif amillərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır. Fərəhli haldır ki, müstəqillik dövründə dünyanın demokratik dəyərlərini tam mənimsəyən Azərbaycan Respublikasında seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi ənənəsi formalaşıb. Bu ənənənin müəllifi xalqımızın Ulu Öndəri Heydər Əliyevdir. Heydər Əliyevin zəhməti sayəsində 1993-cü ildən etibarən respublikamızda demokratik seçkilərin keçirilməsi üçün son dərəcə zəruri sayılan ictimai-siyasi sabitlik təmin edilib, Azərbaycanın demokratik dünyaya inteqrasiyasının əsası qoyulub, o cümlədən, beynəlxalq təcrübəyə söykənən mütərəqqi, hüquqi seçki qanunvericiliyi bazası yaradılıb.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə respublikamızı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyev həyata keçirdiyi siyasi xətlə cəmiyyətimizdə demokratik ənənələri daha da möhkəmləndirib. Bunun bariz göstəricilərindən biri seçkilərin azad və şəffaf keçirilməsi üçün seçki sisteminin daha da təkmilləşidirilməsi istiqamətində mühüm işlərin həyata keçirilməsi, səsvermə günü seçki məntəqələrində veb-kameraların quraşdırılması, bütün dairə-seçki komissiyalarının yeni inzibati binalarla və müasir zəruri texniki vasitələrlə təmin olunması, seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsidir. Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda 5 prezident, 4 parlament və 4 bələdiyyə seçkisi keçirilib. Bütün bu seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müsbət rəylər, onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlib. Bütün seçkilərdə YAP xalqın yüksək etimadını, dəstəyini qazanıb və parlaq qələbələrə imza atıb. Bu baxımdan, əminliklə demək olar ki, xalqın partiyası olan YAP bundan sonra da bütün seçkilərdə uğurlar əldə edəcək. Çünki YAP xalqın partiyasıdır. Xalq Ulu Öndərin qurucusu olduğu partiyaya inanır və işıqlı sabahlara ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə getməkdə qərarlıdır.
İ.ƏLİYEV