Prezident İlham Əliyev: “Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür”
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində sürətlə inkişaf edir və möhkəmlənir. Birbaşa Prezident İlham Əliyevin tapşırığına əsasən, silahlı qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini, hərbi kadr potensialını artırıb, hərbi qulluqçuların sosial-məişət şəraitini yaxşılaşdırıb. İslahatlar döyüş hazırlığı, hərbi təhsil, tərbiyəvi iş, hərbi tibb və digər sahələri əhatə edir. Görülən işlər silahlı qüvvələri aparıcı dövlətlərin orduları səviyyəsinə qaldırıb.
Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda-idarəetmə məntəqələri silahlı qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də, cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq, düşmən üzərindəki üstünlüyü təmin edib.
Raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək, düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.
Dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər raket və artilleriya qoşunlarının istənilən vaxt effektiv tətbiqini mümkün edir. Hərbi-hava qüvvələrinin döyüş tətbiqi və uçuş imkanlarının təkmilləşdirilməsi, aviabazaların infrastrukturunun və aerodrom avadanlıqlarının yenilənməsi üzrə layihələr həyata keçirilir. Zenit-raket, radiotexniki birləşmə və hissələrin müasir hava hücumundan müdafiə sistemləri ilə təchizatı hava məkanımızın etibarlı müdafiəsini, düşmənin təhlükəli aerodinamik hədəflərinin vaxtında aşkarlanaraq məhv edilməsini təmin edir. Düşmən haqqında tam və dəqiq məlumatın əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat bölmələrinin lazımi vasitələrlə təchizatı həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində hərbi xərclərin artması ordumuzun zirehli texnikasının, aviasiya vasitələrinin və digər hərbi təyinatlı məhsulların daim yenilənməsinə və təkmilləşdirilməsinə şərait yaradıb. Elmin son nailiyyətləri nəzərə alınmaqla və yeni texnoloji elementlərin tətbiqi ilə dünyanın aparıcı silah istehsalçıları tərəfindən hazırlanan yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin silahlı qüvvələrimizin təchizatına daxil edilməsi davam edir.
Hərbi sənayemizin inkişafı ordumuzun silah arsenalının yerli istehsal olan müasir silahlar və digər hərbi təyinatlı məhsullarla gücləndirilməsinə imkan verir. Ölkəmizdə və digər dövlətlərlə əməkdaşlıq şəraitində hazırlanan yüksək dağıdıcı gücə, dəqiqliyə malik döyüş vasitələri və sursatları qoşunlarımızın düşmən üzərində üstünlüyünü tam təmin edir.
Bununla yanaşı, güclü və müasir tələblərə cavab verən silahlı qüvvələrin inkişafında hərbi-təhsil sisteminin müstəsna əhəmiyyəti var. Bu sahədə aparılan işlər qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, hərbi qulluqçuların ixtisas hazırlığının, bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Yeni təlim mərkəzlərinin, o cümlədən, dağ hazırlığı poliqonlarının istifadəyə verilməsi şəxsi heyətin döyüş vəziyyətinə tam uyğunlaşdırılmış şəraitdə peşəkar hazırlığının yüksəldilməsinə hesablanıb.
Silahlı Qüvvələrin hazırlıq planına uyğun olaraq, bütün qoşun növlərinin cəlb olunması ilə müxtəlif səviyyələrdə gecə və gündüz genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir. Bu təlimlər birlik və birləşmələrin idarə edilməsini, qarşılıqlı fəaliyyətini, əməliyyat imkanlarını və döyüş qabiliyyətini artırıb.
Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində son illər hərbi qulluqçular və onların ailə üzvləri müasir standartlara cavab verən mindən çox xidməti və daimi mənzillə təmin olunub. Qısa müddətdə, xüsusən, cəbhəboyu zonada 20-dən çox yeni hərbi şəhərcik, əsgər yataqxanaları, yeməkxanalar, hamam-camaşırxana kompleksləri, digər xidməti və inzibati binalar inşa edilib. Bu işlər bu gün də davam etdirilir. Göründüyü kimi, bu gün ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksəlib, təminat və təchizatı xeyli təkmilləşib. Məhz bu faktorlar da əminlik yaradır ki, silahlı qüvvələrimiz dövlətimizin və xalqımızın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifəni - torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir. Prezident İlham Əliyevin sözlərilə desək, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır: “Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Ordu quruculuğu daim diqqət mərkəzindədir. Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik. Ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular, yəni bütün bunlar bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır. Növbəti illərdə də bu istiqamətdə ardıcıl iş aparılacaq”.
“Səs” Analitik Qrupu