Partiyada yaranmış fikir ayrılıqları sədrlik probleminin həll olunmasını əngəlləyir
Müxalifət düşərgəsində gizlin işlərlə məşğul olub, reallıqda sakit görünən partiyalar sırasında Azərbaycan Milli İstiqilal Partiyası da var. Xüsusilə, Etibar Məmmədovun sədrlik postundan getməsindən sonra, partiyaya rəhbərlik etmək oradakı funksionerlər arasında ciddi, hətta qlobal bir problemə çevrilib. E.Məmmədovdan sonra partiyaya sədrlik etmiş, sonradan isə sədrlik postundan imtina etmiş Yusif Bağırzadə faktorundan sonra, necə deyərlər, bu məsələlə daha da şişməyə başlayıb.
Elə AMİP üzvləri də var ki, onlar radikal siyasət yürütməyə meyilli olduqlarını gizlətmirlər
Bir müddət öncə AMİP-in sədrliyinə iddialı olan baş katibi Arzuxan Əlizadə mətbuata açıqlamasında etiraf etmişdi ki, partiyadaxili məsələlərdə fikir müxtəlifliyi var. Məsələn, AMİP-də təmsil olunan səlahiyyətlilərin bir qisminin loyal siyasət yürütmələri, yaxud da sivil müxalifətçilik yolu sərgiləyərək, radikalizmi rədd etmələri sirr deyil. Lakin elə AMİP üzvləri də var ki, onlar radikal siyasət yürütməyə meyilli olduqlarını gizlətmirlər. Bu isə, o deməkdir ki, hazırda partiyada elə şəxslər var ki, onlar destruktiv fəaliyyətə üstünlük verirlər. Halbuki Y.Bağırzadənin sədrliyi dövründə bu amil aradan qaldırılmışdı.
Xüsusilə, seçkilərdən öncə belə bir situasiyanın yaranması digər pərdəarxası motivlərin də olduğunu gizlətmir
Başqa tərəfdən, haçalanmış fikirlər qurultayın keçirilməsini və sədrin kim olması məsələsini də gecikdirir. Hətta onu da ehtimal etmək mümkündür ki, bu gün ortada razılaşmanın olmaması AMİP-i daha kritik tərəfə sürükləyir. Hətta belə qənaətə gəlməyə əsas var ki, AMİP-də aparılacaq müzakirələr, o cümlədən, növbəti qurultayın keçirilməsi, yeni sədrin müəyyənləşdirilməsi heç də sakit müstəvidə keçməyəcək.
Ən azından, iki payız geridə qalıb, üçüncü payızda nəyisə dəyişmək mümkün olacaqmı?
Bu arada, AMİP sədrliyinə namizəd olacağını gizlətməyən təşkilatın mərkəzi şurasının üzvü Əli Orucovun mövzu ətrafındakı fikirləri diqqət çəkir. O bildirib ki, qurultayın keçirilməsi və sədrin seçilməsindən payızda danışmaq olar. "Güman ki, payızda qurultay məsələsinə baxmaq olar. Amma hələlik, konkret bir təşəbbüs də yoxdur"-deyə qeyd edən Ə.Orucova görə, qurultayın vaxtı müəyyənləşəndə, namizədlər də öz iddialarını ortaya qoyacaqlar. Maraqlıdır, iki ildir sədrsiz qalan partiya bu müddət ərzində nəyə görə qurultay keçirməyib? Ən azından, iki payız geridə qalıb, üçüncü payızda nəyisə dəyişmək mümkün olacaqmı?
Əli Orucov: "Qeyri-müəyyənlikdir"
Əlbəttə, qurultay keçirilsə də, keçirilməsə də sədr postu uğrunda maraqları olanlar var və onlar elə qurultaya qədər haqq-hesabı "çürütməkdə" qərarlıdırlar. Çünki qurultay baş tutarsa, həmin vaxt sədrin rəsmi şəkildə kim olaraq seçilməsi məsələsi daha qəliz olacaq. Bu səbəbdən, onlar indidən qollarını çırmayıblar. Düzdür, adıçəkilən AMİP rəsmisi bunları etiraf etməsə də, müəyyən fikir bildirməsi partiya daxilində yekdil rəyin olmamasına vurulan eyham, ya da işarədir: "...İndi isə qeyri-müəyyənlikdir. Ona görə də, hansısa namizəd məlum vaxta qədər kampaniya aparmalı, imza toplamalıdır..."
Beləliklə, iki ildir ki, sədr portfeli olmayan AMİP-də vəziyyətin gərginliyi davam edir. Məhz hadisələrin yuxarıda qeyd edilən məcrada davam etməsi də göstərir ki, adıçəkilən siyasi təşkilatda sədrlik problemi hələ uzun müddət öz həllini tapa bilməyəcək.
Rövşən RƏSULOV