"Ermənistanın kriminal rəhbərliyi hər zaman danışıqlar prosesini pozmaq üçün təxribatlara əl atıb. Daim çalışıb ki, müxtəlif vasitələrdən istifadə edərək, cəbhədə vəziyyəti gərginləşdirsin. 2016-cı ilin aprel ayında da Ermənistan eyni addımı atdı və layiqli cavabını aldı. Bu dəfə Füzuli rayonunun Alxanlı kəndində baş verən ölüm hadisəsi də Ermənistanın qanlı əməllərinin nəticəsidir. Məhz Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində, yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha isbatlayır".
Bunu "SƏS" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib.
S.Vəliyeva əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ayrı-ayrı ölkələrin rəsmilərinin sülh çağırışları etdiyi, mövcud status-kvonun dəyişdirilməsinin tələb olunduğu bir zamanda, işğalçı Ermənistanın cəbhədə təxribatlar törətməsi açıq-aşkar göstərir ki, bu ölkənin qana susamış rəhbərliyi sülh istəmir: "Ona görə də, dünya birliyi artıq Ermənistanın qanlı əməllərinə sədd çəkməli, işğalçılıq əməllərindən əl çəkməsi üçün ona qarşı sanksiyalar tətbiq edilməli və sülhə məcbur edilməlidir".
Samir