“Bu gün Ermənistan cəzasızlıq sindromu yaşayır. BMT-nin torpaqlarımızın azad olunması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, dünya ictimaiyyəti baş verənlərə susur. Hansı ki Azərbaycanda hər hansı bir jurnalisti prokurorluq və ya hüquq mühafizə orqanı çağıranda dünya ictimaiyyəti az qalır ayağa qalxsın”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.Polkovnik bildirib ki, Ermənistan 25 ildir ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır, 20 mindən artıq insanı qətlə yetirib, 1 milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətinə salsa da, heç bir beynəlxalq təşkilat bu ölkəyə, eləcə də cinayətkar rəhbərlərinə qarşı heç bir addım atmırlar.Onun sözlərinə görə, Xocalı soyqırımına, eləcə də cəbhə xəttində törədilən qanlı təxribatlara görə məsuliyyət daşıyan Ermənistan rəhbərliyi utanmadan beynəlxalq tribunalardan çıxış edərək Azərbaycan tərəfini günahlandırmaqdan belə çəkinmir, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır: “Niyə beynəlxalq təşkilatlar, eləcə də həmsədr ölkələr soruşmurlar ki, hər zaman iqtisadi cəhətdən zəif, blokada olan bir dövlət hansı imkanlar, hansı havadarları hesabına güclü dövlətin 20 faiz torpağını işğal edib, bu azmış kimi hər gün müxtəlif təxribatlar törədir, basqınlar edir. Bu gün Dağlıq Qarabağ münaqişəsi dünya ölkələri üçün də böyük problemə çevrilib. Çünki, 123 kilometr ərazi nəzarətsiz qalıb. Ermənistan həmin ərazilərdə terrorçular yetişdirir, narkotik maddələr əkir, Suriyada döyüşən insanları həmin ərazilərə gətirməklə onlardan Azərbaycana qarşı istifadə edir. Bu gün ABŞ və Rusiya Suriyada terroristlərə qarşı mübarizə aparır. Amma Ermənistan həmin terroristlərə Dağlıq Qarabağda havadarlıq edir, onları orada qoruyur”.C. Xəlilov qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində dinc sakinlərin, xüsusilə körpə uşaqların və qadınların həlak olması yolverilməzdir: “ATƏT işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal çıxarılmasını Ermənistandan tələb etməlidirlər”.Azərbaycan ordusunun güclü, texniki imkanlara malik olduğunu deyən polkovnik əlavə edib ki, buna baxmayaraq müdafiə gücümüzü daha da gücləndirməli, hər zaman müharibəyə hazır olmalıyıq: “Artıq ordumuzun təxribatlarla bağlı səbr kasası dolub. Azərbaycan əsgəri bir dəfə irəli deyərək torpaqlarımızı erməni işğalçılarından azad etməlidir. Hazırda başqa yolumuz yoxdur. Çünki, Azərbaycan bütün imkanlardan maksimum şəkildə istifadə edərək münaqişənin sülh yolu ilə həllinə çalışsa da, erməni faşistləri öz niyyətlərindən əl çəkmirlər”.
sia.az