Gənc zabitlər "Sərhədçi andı"nı qəbul ediblər
2017-ci ildə yaradılmasının 10-su ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin Akademiyası böyük inkişaf yolu keçərək, qabaqsıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "SƏS" qəzetinə verilən məlumata görə, bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanına sədaqəti, savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, hərbi qulluqçuların peşəkar hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi-tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb.Məlumatda bildirilir ki, iyul ayının 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. Ənənəvi olaraq möhtəşəm Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edərək, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sərhədçisi kimi gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaqlarına əminliyini bildirib.Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqət sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev 5 iyun 2017-si il tarixdə DSX-nin xidməti-döyüş fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edən fərman və sərənsamların imzalanmasının Azərbaycan sərhədçisinə etimadın göstərisisi olmaqla yanaşı DSX üçün yeni və mühüm vəzifələr müəyyənləşdirdiyini qeyd edib, əsas tapşırığın ölkə sərhədlərinin tam şəkildə mühafizə altına götürülməsi olduğunu vurğulayıb, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağına əminliyini ifadə edib.Akademiyanı bitirən gənc zabitlərə diplomlar təqdim olunub, gənc zabitlər "Sərhədçi andı"nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Rövşən RƏSULOV