Prezident İlham Əliyev “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə, sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Hacıqabul Sənaye Məhəlləsinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı da, bu baxımdan, istisna təşkil etmir.
Belə ki, Prezident İlham Əliyev iyulun 25-də “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə, Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə, xidmət müəssisələri yaradılacaq. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün Hacıqabul rayonu ərazisində 20 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini, eyni zamanda, nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini təmin etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi isə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də, iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi və istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Hacıqabul rayon icra hakimiyyəti nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırmalıdır.
Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 4 milyon manat ayrılıb.
“Yaşıl iqtisadiyyat”ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rola malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya yatırmaqla, tullantıların təkrar emalı üzrə 5 müəssisə fəaliyyətə başlamağa hazırdır və bu müəssisələrdə 400-ə yaxın yeni iş yeri yaradılıb. Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı həyata keçirilir. Artıq Bakı Gəmiqayırma Zavodunda onlarla gəmi tikilərək istifadəyə verilib, 60-dan çox gəmi təmiri işləri həyata keçirilib. Hazırda müəssisə tərəfindən BP şirkətinin sifarişi ilə dəyəri 378 milyon ABŞ dolları olan “Xankəndi” sualtı tikinti gəmisinin və 2 ədəd “Ro-pax” tipli gəmi bərənin inşa işləri davam etdirilir.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən, ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq sənaye parkının rezidenti “Mingəçevir Tekstil” MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlayıb. Dəyəri 46 milyon ABŞ dolları olan layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması və fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi baxımından sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə ki, Neftçala Sənaye Zonasında 3 müəssisə artıq fəaliyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Masallı Sənaye Zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye zonasının layihələndirmə işləri tamamlanıb və bu yaxınlarda infrastrukturunun yaradılması işlərinə başlanılacaq.
Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça müəssisəsi fəaliyyət göstərir. Şəmkir rayonunda isə bu cür müəssisə artıq fəaliyyətə başlamağa hazırdır. 8 müəssisənin tikintisi isə bu il başa çatdırılacaq. Bu müəssisələr işə başladıqdan sonra, ümumilikdə, 1600 yeni iş yerinin açılması təmin ediləcək.
Xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə, ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4 rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan başqa, “Azərxalça” ASC tərəfindən əyirici-boyaq müəssisəsinin tikintisi davam etdirilir.
“Səs” Analitik Qrupu