Müasir Azərbaycanda, digər sahələr kimi, azad mətbuatın inkişafı istiqamətində də atılan addımlara diqqət yetirsək, görülən işlərin miqyasının nə qədər geniş və uğurlarımızın nə qədər davamlı olduğunu görmək olar. Təbii ki, bu da düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Müstəqilliyimizin ilk illəri tarixə xaos, anarxiya və özbaşınalıq dövrü kimi daxil olsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün istiqamətlərdə, o cümlədən, mətbuatın inkişafında yeni bir mərhələnin təməlini qoydu.
1998-ci ildə senzuranın ləğvi ilə o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. Ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atıldı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Yəni bütün bu hadisələr göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparıb.
Azad, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan KİV-lərin sayına görə MDB ölkələri arasında lider mövqedə dayanır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. İnternet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkən dövlətimizin bu sahənin inkişafına yönələn addımları göz qabağındadır. Atılan addımlar bir daha bu reallığı orta qoyur ki, dövlətin əsas niyyəti Azərbaycan vətəndaşlarının informasiya tələbatını lazımi səviyyədə ödəməkdir. Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın hüququdur və dövlətimiz bu hüquqları təmin edir.
Jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində dövlətimizin başçısı İlham Əliyev, bu əminliyi bir daha ifadə edib ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq: “Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən, söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim”.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, bu sənəd əsasında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu istiqamətdə atılan addımların davamı kimi dəyərləndirilir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət KİV-lərin inkişafı məsələlərinə bu qədər diqqət və həssaslıqla yanaşır. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzalanan sərəncamlar da bu diqqətin bariz nümunələrindəndir. 2013-cü ildə jurnalistlər üçün tikilən ilk bina istifadəyə verildi. Həmin il Prezident İlham Əliyev “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncamı imzaladı. Sərəncamda da bu fikir əksini tapmışdır ki, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində dayanan əsas məsələlərdən biridir. Bu günlərdə milli mətbuatımızın 142-ci ildönümündə ikinci bina jurnalistlərin istifadəsinə verildi. Ölkə Prezidentinin bu hədiyyəsindən bəhrələnən 255 jurnalist öz sevinclərini yaşamaqdadır.
Bununla yanaşı, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, ilkin olaraq, 5 milyon manat vəsait ayrılıb. Həmin tarixdə imzalanan sənədlərdən biri də ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasıdır. Sərəncama uyğun olaraq, bu məqsədlə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat vəsait ayrılıb. Təbii ki, bu addımların əsasında ölkəmizin iqtisadi inkişafı dayanır.
“Səs” Analitik Qrupu