PDF Oxu

Siyasət

  • 4 659

Dövlətin sosial siyasətində mühüm elementi işlə təminat təşkil edir

Dövlətin sosial siyasətində mühüm elementi işlə təminat təşkil edir

Prezident İlham Əliyev: "Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir"

İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasətin əsas trendidir. Hökumət bütün vətəndaşlarının gələcək keyfiyyətli sosial yaşayışını təmin etmək üçün hazırda meydana çıxan bir sıra meyilləri tamamilə aradan qaldırmaq niyyətindədir.
Azərbaycan hökuməti iqtisadi və sosial proqramları güclü koordinasiya olunmuş vahid strategiya əsasında icra edir ki, bu da, hər iki sahənin artımı fonunda ümumi inkişafa töhfə verir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik.
Əlbəttə ki, dövlətin sosial siyasətində mühüm elementi də işlə təminat təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin işlə təmin edilməsinin əhəmiyyətini qeyd edərək deyib: "Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində, daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla davam edir. Ona görə də, bizdə işsizlik aşağı səviyyədədir".
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin iyulun 1-i vəziyyətinə görə, ilkin məlumata əsasən, iqtisadi fəal əhalinin sayı 5044,2 min nəfər olub. Onlardan 4792,7 min nəfərini məşğul əhali təşkil edib, həmin dövrdə muzdla işləyənlərin sayı 1525,2 min nəfər olub. Statistik rəqəmlərdən görünür ki, əhali daha çox dövlət sektorunda çalışır. Müəssisə və təşkilatlarda muzdla çalışanların 22,8 faizi məhsul istehsalı sahələrində işləyir ki, bu da yüksək rəqəmdir. Sonrakı yerlərdə tikinti, emal, kənd təsərrüfatı, mədənçıxarma və digər sahələr gəlir. Xidmət sahələrində işləyənlərin çoxu isə təhsil, ticarət, nəqliyyat vasitələrinin təmiri, səhiyyə, sosial xidmətlərin göstərilməsi, istirahət və əyləncə sahələrində çalışır.
Dövlət başçısının qeyd etdiyi kimi, ilin birinci yarısında yeni iş yerlərinin sayı bağlanan iş yerlərindən çoxdur. Buna səbəb ölkədə sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılmasıdır. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində fəaliyyətə başlayan müəssisə və təşkilatların sayı 4,9 faiz artıb. Hər açılan təzə müəssisə isə, yeni iş yerləri deməkdir. Dövlət də bu məqsədlə sahibkarlara dəstək olur, onlara hüquqi və maliyyə yardımı göstərir. Xüsusilə, sahibkarlara verilən güzəştli kreditlər yeni iş yerlərinin açılmasında mühüm yer tutur.
Yeni iş yerlərinin artımı daşınmaz əmlakla əlaqədar əməliyyatlar, inzibati və yardımçı xidmətlərin göstərilməsi, ticarət, nəqliyyat vasitələrinin təmiri, turistlərin yerləşdirilməsi, iaşə xidməti, istirahət və əyləncə sahələrində yüksəkdir. Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatında önəmli rolu kiçik və orta müəssisələr oynayır. Belə müəssisələr müxtəlif riskli vəziyyətlərdən asanlıqla yayına bilirlər. Ona görə ki, onların qərar qəbul etməsi nəhəng müəssisələrdən fərqli olaraq asandır. Yaranmış vəziyyətlərdə özlərinin gəlir və çıxarını, risklərini çevik hesablayaraq, qərar qəbul etmək imkanları var. Bir sözlə, dünya iqtisadiyyatında aparıcı rol kiçik və orta müəssisələrə məxsusdur. Ölkəmizdə də bu tendensiya uğurla davam edir. Cari ilin iyulun 1-i vəziyyətinə görə, ölkə üzrə müəssisələrin ümumi sayının 80,8 faizini kiçik müəssisələr təşkil edib və onlar, əsasən, ticarət, xidmət, tikinti və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. Kiçik müəssisələrin çox hissəsi Bakıda, qalanları isə regionlardadır. Bununla yanaşı, ölkəmizdə fərdi sahibkar kimi fəaliyyət göstərənlərin də sayı sürətlə artır. Onlar, əsasən, kənd təsərrüfatı, ticarət, nəqliyyat vasitələrinin təmiri və xidmət sahələrində fəaliyyət göstərirlər.
Əhalinin sosial vəziyyətini özündə əks etdirən başlıca amillərdən biri əldə edilən gəlirdir. Cari ilin birinci yarısında ölkə əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrünə nisbətən 7,3 faiz artıb. Bu dövrdə əhalinin hər nəfərinə düşən gəlir orta hesabla 2422,9 manat təşkil edib.
Əldə edilən gəlirin 86,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,3 faizi yığıma yönəldilib. Beləliklə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21526,8 milyon manat pul qalır. Cari ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqları, ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artıb. Bu dövrdə özəl müəssisələrdə çalışan işçilərin əməkhaqları dövlət sektorunda çalışanlardan yüksək olub. Ən yüksək əməkhaqqı isə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elm və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir.
Göründüyü kimi, Azərbaycanda iqtisadiyyatın inkişafı fonunda sosial sahədə də yüksəliş özünü nümayiş etdirir, insanların işlə təminatı da yaxşılaşdırılır. Bu isə, insanların sosial rifahının və yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olur.

"Səs" Analitik Qrupu

Digər xəbərlər