Xalqın güzəranının daha da yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir
Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də əhalinin sosial rifahı amilidir. Ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Bu işin məntiqi nəticəsi olaraq reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Dövlətin sosial siyasəti nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib və yoxsulluğun ümumi səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Sosial siyasət dövlət tərəfindən müvafiq qanun və dövlət proqramları ilə tənzimlənir və icra olunur. Digər tərəfdən, bu da bir həqiqətdir ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Prezident İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ötən dövr ərzində, əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun tərzdə yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirib və mühüm uğurlar əldə olunub. Prezident İlham Əliyev öz çıxışlarının birində vurğulayıb: "Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da bizim uğurlu siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik."
Bəli, məhz sosial siyasətin davamlı olaraq aparılması və yeni-yeni layihlərin icrası da belə qənaətə gəlməyə kifayət qədər zənim yaradır ki, bu siyasət təməlli şəkildə davam etdiriləcək.
Ötən illər ərzində görülən işlərin hər biri göz önündədir
Prezident İlham Əliyev Milli Mətbuatımızın 142-ci ildönümü münasbəti ilə KİV nümayəndələrinə yeni tikilmiş binadan mənzillərin verilməsi ilə bağlı keçirilən təqdimat mərasimində də vurğuladı ki, sosial siyasətini davam etdirəcək və bunun üçün Azərbaycan dövlətinin gücü var. Məhz bu baxımdandır ki, sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları və böyük layihələr həyata keçirilib. O cümlədən, regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib. Ötən illər ərzində görülən işlərin hər biri isə göz önündədir:
- Son 14 ildə işsizlik və yoxsulluq 5 faizə enib;
- Ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1,5 milyondan artıq yeni iş yeri açılıb;
- Üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib;
- Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib;
- Şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi, Gənclər Evi, Tarix-Diyarşünaslıq Muzeyi, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib, yeni parklar, istirahət mərkəzləri yaradılıb və s. tədbirlər həyata keçirilib;
- Sovet dövründən qalmış əmanətlər əhaliyə qaytarılıb;
- Ölkə əhalisinin bütün kommunal problemləri həll olunub. 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb, ölkə ərazisi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. 11 min kilometrdən çox avtomobil yolu tikilib, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlər və qəsəbələrarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub;
- Regionlardan Bakıya yeni su xətti çəkilib, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatdırılıb. Həmçinin, regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb;
- Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb və yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. Dörd su anbarı - Taxtaköprü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib. Pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində, 400 mindən artıq vətəndaş işlə təmin olunub;
- Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb;
- Məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilib, ölkədə bütün çadır şəhərcikləri ləğv olunub;
- Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilib, çoxlu sayda 5 ulduzlu otellər də daxil olmaqla, 300-dən çox mehmanxana tikilib;
- Bölgələrdə 6 hava limanı tikilib, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı istifadəyə verilib;
Bu illər ərzində maaşlar, pensiyalar və digər sosial ödənişlər dəfələrlə artırılıb, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanıb, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib.
Müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyevin Sərəncamı hər ili konkret bir sahəyə həsr edilir və müvafiq ildə həmin sahə çoxşaxəli inkişaf etdirilir
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əbəs yerə deyil ki, ölkə ictimaiyyəti ilə görüşərkən Prezident İlham Əliyev əhalinin təkliflərini birbaşa özlərindən öyrənir və yerlərdə ilk olaraq infrastrukturun yaradılması və güclənməsi, yolların çəkilməsi və abadlaşdırılması, təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin salınması ilə bağlı istəklərə diqqətlə yanaşır. Bu kimi sahələri inkişaf etdirmək üçün dövlətimizin başçısı Cənab İlham Əliyevin Sərəncamı ilə hər ili konkret bir sahəyə həsr edilir və müvafiq ildə həmin sahə çoxşaxəli inkişaf etdirilir. Məhz bu baxımdan, yuxarıda göstərilən məqamlar sübut edir ki, Cənab Prezident İlham Əliyevin son qərarları Azərbaycanda əhalinin sosial rifahının güclənməsinə hesablanıb. Azərbaycanda sosial dövlət quruculuğu uğurla və davamlı olaraq həyata keçirilir. Beləliklə, xalqın güzəranının daha da yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir.
Rövşən NURƏDDİNOĞLU