İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi, ilk növbədə, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Söz yox ki, bu istiqamətdə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda, sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərin artırılması da buna olan bariz sübutdur.
Ölkə rəhbəri İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs Onun sosial siyasətinin bir parçası kimi xarakterizə edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səciyyələndirilir
Misal üçün, bu illərdə gözlənilən daha bir proses artıq reallaşdırılıb. Belə ki, bundan sonra ölkədə aztəminatlı ailələr və gənclər daha güzəştli şərtlərlə mənzillərə sahib ola biləcəklər. Məlumat üçün onu da qeyd edək ki, bir müddət əvvəl sözügedən prosesi sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi də yaradılıb. Məhz bunun nəticəsidir ki, artıq güzəştli şərtlərlə mənzil almağın şərtləri də müəyyənləşdirilib, insanlar bundan faydalanmağa başlayıblar. Media işçilərinə, qaçqın və məcburi köçkünlərə də mənzillərin verilməsi prosesi bu siyasətin tərkib hissəsi olaraq yüksək dəyərləndirilir. O da təsadüfi deyil ki, ölkə rəhbəri İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs Onun sosial siyasətinin bir parçası kimi xarakterizə edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səciyyələndirilir.
İnkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər, nəhəng layihələri respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır. Onu da qeyd etmək yerinə düşərdi ki, insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Eləcə də, iqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Məsələn, son illər yüz minlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda sosial dövlət quruculuğu modeli uğurla həyata keçirilməklə yanaşı, həm də digər ölkələrə göstərilən örnəkdir. Dövlət başçımız xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edir və bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlərin reallaşdırılması da buna bariz sübutdur.
Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir
Daha bir önəmli məqamı da xatırlatmaq yerinə dşüərdi ki, hər il dövlət büdcəsinin böyük bir hissəsi, məhz sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Bu, bir daha sübut edir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Bu siyasət, müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla, ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub-saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan, zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Şübhəsiz, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də, yoxsulluq səviyyəsinin aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu siyasətin davamlı xarakter alması üçün, dövlətimiz bütün uğurlu vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini, artıq indidən proqnozlaşdırmaq olar. Belə ki, hər bir azərbaycanlı ölkədə yürüdülən uğurlu sosial siyasətin bəhrəsini görəcək.
Rövşən NURƏDDİNOĞLU