PDF Oxu

Siyasət

  • 5 381

Regionların inkişafı uğurlu təməl prinsipinə əsaslanır

Regionların inkişafı uğurlu təməl prinsipinə əsaslanır

İlham Əliyev: “2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox böyük rolu vardır”
Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub, bütün sahələr üzrə köklü islahatlar aparılıb və davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıbdır. 2003-cü ildə keçirilmiş prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin etimadını qazanmış Prezident İlham Əliyev andiçmə mərasimində bəyan etmişdi ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsi, əldə olunan gəlirlər əsasında qeyri-neft sektorunun inkişafıdır. Ölkə rəhbəri hələ seçicilərlə keçirdiyi görüşlərdə bildirmişdir ki, Onun qarşıya qoyduğu əsas vəzifələrdən biri də işsizlik probleminin aradan qaldırılması, qısa zamanda ölkədə 600 min yeni iş yerinin yaradılmasıdır.
Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinin ilk təməli 2004-cü ildə qoyuldu. O vaxtdan regionlarda həyat yeni mərhələyə qədəm qoydu, ölkədə əsaslı yenidənqurma, iş yerlərinin yaradılması istiqamətində ciddi dönüş yaradıldı. 2004-cü ildən əsası qoyulmuş məqsədyönlü siyasətin davamı olaraq, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqi və icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Xalq bu inkişafı gündəlik həyatında açıq şəkildə hiss edir. Bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Aqrar məsələlərin həlli prioritet vəzifədir

Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində, son illər regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artıb. Regionlarda inşa edilən və ya əsaslı təmir olunan yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirib, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşmasına imkan yaradıb. Bir vaxtlar tamamilə unudulmuş pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində böyük canlanma yaranıb. Dövlət başçısının rəhbərliyi ilə regionlarda keçirilən respublika müşavirələri bu sahələrdə ciddi dönüş yaradıb.
Mübaliğəsiz demək olar ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi, nəinki bölgələrin, eləcə də, ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir. Son 14 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir.
Əlbəttə ki, əldən olunan bu uğurlar güclü iqtisadiyyat və düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycanda yoxsulluq 5 faizdən aşağıdır. Ölkə Prezidenti çıxışlarında da dəfələrlə vurğulayıb ki, əldə olunan uğurlar görülən işlərin nəticəsidir: “Bizim gördüyümüz işlərin nəticələri bax, budur. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir”.
Dövlət başçısı bu günlərdə Gədəbəy rayonunda səfərdə olduğu zaman bildirmişdir ki, ölkəmizdə bütün istiqamətlər üzrə tərəqqi və inkişafa meyil artmaqdadır: “Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır. Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır. Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”.
Göründüyü kimi, regionların inkişafına göstərilən qayğı və diqqət bütövlükdə Azərbaycanın davamlı inkişafını təmin edir, ölkəmizi daha da gücləndirir, onun beynəlxalq nüfuzunu getdikcə artırır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər