“Hazırda İraqda yaranan vəziyyətin kökündə birmənalı olaraq geoasiyasi maraqlar dayanır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.O bildirib ki, əgər İraqa xarici müdaxilələr olmasaydı, o zaman İraq unitarlığını qoruyub saxlayar və bu gündə Kürd Muxtariyyatı və onun iddialarından da danışmaq mümkün olmazdı: “O ki qaldı İraq Kürd Muxtariyyatının referendum keçirməsinə, bu səsvermənin qeyri-qanunu olduğu dəfələrlə vurğulanıb. Ümumiyyətlə, İraq Konstitusiyasına görə, ölkə ərazisinin hər hansı parçasında referendum keçirilməsi qeyri-qanunidir və bu heç bir halda təqdir oluna bilməz. Digər tərəfdən də həmin ərazilərdə təkcə kürdlər yaşamır, orada çoxlu sayda türkmənlər də yaşayır ki, prinsip etibarı ilə onlar İraqın ərazi bütövlüyünün qorunub saxlanmasında maraqlıdırlar. İraqda bir etnik qrup digərinin hüquqlarını pozaraq hər hansı formada öz müqəddəratını təyin edə bilməz”.E.Mirzəbəyli qeyd edib ki, İraqda baş verənlər bütövlükdə ölkəni növbəti xaosa sürükləyə bilər: “Bildiyiniz kimi bölgədə dini, məzhəb zəmində münaqişə yetərincədir. Etnik münaqişələr də məhz qondarma referendum nəticəsində baş verə bilər. İraq Kürdüstanı yerli idarəçiliyinin rəhbəri Məsud Bərzaninin bu addımı öz xalqına qarşı atdığı bir cinayətdir. Bunun effektiv nəticə verəcəyini düşünmürəm. Şübhəsiz ki, İraq Kürd Muxtariyyatının müstəqilliyini heç kim tanımayacaq. Bundan sonra sözügedən muxtariyyata qarşı müvafiq sanksiyaların tətbiq olunması mümkündür. Bildiyiniz kimi burada söhbət Mosul və Kərkükdəki zəngin neft yataqlarından gedir. Əgər sanksiyalar tətbiq olunacaqsa və bölgə dövlətləri Kürd Muxtariyyatı ilə əməkdaşlığa can atmayacaqlarsa, o zaman bu qondarma rejim qısa müddətdə çöküb məhv ola bilər. Bölgədə güclü dövlətlərin əleyhinə olduğu bir prosesin uğurla başa çatmayacağını düşünürəm”.Qeyd edək ki, İraq Kürdüstanında referendum başlayıb. Səhər saatlarında başlayan səsvermə 12 saat davam edəcək.Məlumat üçün nəzərinizə çatdıraq ki, İraq Kürdüstanının rəhbəri Məsud Bərzani bu gün İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. M.Bərzani isə geri addım atmayacaqlarını deyib. O bildirib ki, sonunda ölüm də olsa, buna hazırdırlar.
sia.az