PDF Oxu

Siyasət

  • 4 545

Bölgələrin inkişafı dövlətin diqqət mərkəzindədir

Bölgələrin inkişafı dövlətin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyev Neftçala və Salyan rayonlarına səfər edib
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdi. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, dövlətimizin başçısının 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb. Prezident İlham Əliyev Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə yaxından tanış oldu.
Bildirildi ki, məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC - “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Qeyd edək ki, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır. Prezident İlham Əliyev Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış oldu.
İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 26 nəfər işlə təmin ediləcək. Dövlətimizin başçısı müəssisəni işə saldı.
İyirmi ildir fəaliyyət göstərən “Metak” MMC də Neftçala Sənaye Məhəlləsində öz müəssisəsini yaradıb. Müəssisədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal ediləcək. İllik istehsal gücü 2 milyon tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub. Müəssisəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib. “Metak” MMC-yə, həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib ki, bu, müəssisənin təqribən 35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq. Qeyd edək ki, ümumiyyətlə “Metak” şirkətinin bütün məhsulları Azərbaycanda istehsal olunur.
Dövlətimizin başçısı müəssisəni işə saldı. Prezident İlham Əliyev Sənaye Məhəlləsinin digər bir müəssisəsi - “Gilan PİVOT” MMC-nin fəaliyyəti ilə də tanış oldu. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə başlayacaq.
Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində kiçik sahibkarlar üçün yaradılan emalatxana ilə də tanış oldu. Bu emalatxanada müxtəlif məmulatlar hazırlanacaq. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb və 10 nəfər daimi işlə təmin olunacaq.
Prezident İlham Əliyev “Toğrul-2008” MMC-nin müəssisəsində də oldu. Bildirildi ki, müəssisədə polietilen suvarma boruları istehsal edilir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.
Neftçala Sənaye Məhəlləsinin daha bir iştirakçısı “Azproduct” MMC-dir. Müasir texnologiyaların tətbiq edildiyi müəssisə balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərəcək. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. 2017-ci ilin oktyabrında istifadəyə veriləcək müəssisəyə 1,7 milyon manat investisiya qoyulub. Əlavə dövlət dəstəyi olaraq müəssisəyə İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət etməsinə imkan verib. İstehsal sahəsində 40 nəfər işlə təmin ediləcək.
Artıq “Azproduct” MMC ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında balıq konservlərinin satışına dair 2,2 milyon manat dəyərində müqavilə də imzalanıb.
Dövlətimizin başçısı “Sun Rise Production” MMC-nin Sənaye Məhəlləsində yaratdığı müəssisə ilə də tanış oldu. Müəssisədə kağız stəkanlar və hazır içkilər istehsal olunacaq. İstehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, təqribən 84 min manata qənaət etməyə imkan yaradır.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında da oldu. Bina toplantı və təlimlərin keçirilməsi üçün iclas otağından, müasir ofis sahələrindən, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “Startup”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub.
Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Neftçalada Sənaye Məhəlləsinin açılması gözəl hadisədir. Neftçala rayonunun inkişafında bu sənaye məhəlləsinin çox böyük rolu olacaq: “Burada artıq bir neçə müəssisə fəaliyyətə başlayıb, bir neçə müəssisənin fəaliyyəti yaxın aylarda təmin ediləcəkdir. Bir sözlə, bizim vaxtilə verdiyimiz qərar artıq həyatda öz əksini tapır. İki il əvvəl Neftçalada Sənaye Məhəlləsinin yaradılması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır. İki il ərzində yaradılan bu gözəl sənaye şəhərciyi artıq istifadəyə verilir. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar həyatda tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır. Bu sənaye məhəlləsinin fəaliyyəti həm rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına çox böyük təkan verəcək. Bu sənaye məhəlləsinin yaradılması əslində bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır, bizim iri sənaye mərkəzlərimizdə - xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. İndi Mingəçevir şəhərində böyük sənaye zonası yaradılır və kiçik şəhərlərdə də belə layihələrin icrası çox əlamətdar hadisədir. Böyük şəhərlərdən sonra ilk sənaye zonası Neftçala rayonunda yaradılıb, yaxın vaxtlarda əlavə iki sənaye zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə başlayacaq.
Sənayeləşmə siyasəti uğurla aparılır. Biz bu zonaların yaradılması ilə iş adamlarına dövlət tərəfindən növbəti dəstək göstəririk. Bu zonanın yaradılması bizim təşəbbüsümüz olmuşdur. Azərbaycan dövləti bu təşəbbüslə çıxış edib və dövlət tərəfindən bu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait ayrılıbdır. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyubdur. Yəni, bu, onu göstərir ki, burada dövlət-özəl sektor tərəfdaşlığı özünü göstərir. Çünki əgər biz bu təşəbbüslə çıxış etməsəydik, onu irəli sürməsəydik, bax, bu zona da heç vaxt yaranmazdı. İndi bu zona var və o, böyüyəcək. Bildiyimə görə, rayon sahibkarları tərəfindən maraq çox böyükdür. Burada istehsal olunan və olunacaq mallar idxalı əvəzləmək üçün bizə kömək göstərəcək. Çünki indi bizim əsas məqsədimiz yerli istehsalı daha da gücləndirmək, idxaldan asılılığı azaltmaqdır.” Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. “Neftçala” yarımstansiyasında 40 MVA gücündə iki transformator quraşdırılıb, açıq və qapalı paylayıcı qurğular inşa edilib, bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli avtomat rele mühafizə sistemi yaradılıb. Yarımstansiyada növbətçi işçi heyət üçün müvafiq olaraq mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib, lazımi şərait yaradılıb. Yarımstansiyanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Bildirildi ki, 2015-2017-ci illər ərzində Neftçala rayonu ərazisində 35/6 kV-luq yeni “Şəhər” yarımstansiyası tikilib. Eyni zamanda, 35 kV-luq “Xoşçobanlı” yarımstansiyasına əlavə transformatorlar quraşdırılıb. Bundan başqa, 35 kV-luq “Bankə”, “Xıllı” və “Xoşçobanlı” yarımstansiyalarında da ciddi təmir işləri aparılıb. Eyni zamanda, 300-ə yaxın 10/6 kV-luq transformator məntəqəsi də təmir edilib. “Azərişıq” ASC yaradıldıqdan sonra ümumilikdə Neftçala rayonunda 43 kilometr 110 kV-luq, 7 kilometr 35 kV-luq, 45,5 kilometr 10/6 kV-luq izolyasiyalı naqillər xətti çəkilib. Ümumilikdə 5 kənddə və şəhər mərkəzində 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb və bir neçə kənddə bu işlər hazırda da davam edir. Həmçinin Neftçala Elektrik Şəbəkəsinin yeni inzibati binası inşa edilib. Yeni binada əməkdaşların operativ fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Son illərdə ölkəmizdə səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcudlarının əsaslı bərpası geniş vüsət alıb. Neftçala Mərkəzi Rayon Xəstəxanasının binasının yenidən qurulması da bu prosesin ardıcıl xarakter aldığını təcəssüm etdirir. Bu səhiyyə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən istifadəsinə kömək edəcək.
AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına Mərkəzi Rayon Xəstəxanasında aparılan yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, xəstəxananın binası 1989-cu ildə inşa olunub.
Ümumi ərazisi 5 hektar olan Mərkəzi Rayon Xəstəxanasının yenidənqurma işlərinə 2013-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb. Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış oldu.
Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev dövlətimizin başçısına məlumat verdi ki, 2007-ci ildən başlayaraq Mərkəzin həkimləri bölgələrə səfərlər edirlər. Tərkibi 14 nəfərdən ibarət həkim briqadasının səfərlərində məqsəd onkoloji xəstəliklərin erkən aşkarlanmasıdır. İndiyədək Mərkəzin əməkdaşları ölkənin 51 bölgəsində 50 minə yaxın insanı müayinədən keçiriblər. Mobil Diaqnostika Kompleksi müxtəlif kabinetlərdən və laboratoriyadan ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən “Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi” tədbirinin icrasını təmin etmək məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə başlanılıb. İşçi layihədə rayonun 13 min 400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Kür çayı üzərində saniyədə 14,4 kubmetr suyun verilməsi üçün 6 və 2 aqreqatlı 2 üzən nasos stansiyası, uzunluğu 7020 metr və diametri 1220 millimetr olan dördxətli təzyiqli metal boru kəməri, təzyiqli hovuz və uzunluğu 25 kilometrə yaxın olan dəmir-beton üzlüklü kanalın qurğularla birlikdə tikintisi nəzərdə tutulub. Neftçala rayonunda iri kənd təsərrüfatı müəssisələrinin və aqroparkların yaradılması ilə əlaqədar 5805 hektar azməhsuldar qış otlaq, eləcə də 1000 hektar dəmyə torpaq sahələrinə suvarma suyunun çatdırılması layihəyə daxil edilib. Bu halda layihə zonasına daxil olan torpaq sahəsi 20 min 205 hektar təşkil edir. Ayrılan vəsait hesabına Kür çayında 6 aqreqatlı üzən nasos stansiyası, onun elektrik təchizatı məqsədilə 29,1 kilometr uzunluğunda 35 kV-luq elektrik hava xətti, hərəsi 6300 KVA gücündə olmaqla 2 transformator yarımstansiyası quraşdırılıb. Nasos stansiyaları quraşdırılan ərazidə Kür çayının sahilinin mühafizəsi məqsədilə uzunluğu 204 metr olan ikicərgəli yığma dəmir-beton və monolit dəmir-beton konstruksiyalı svaylarla bərkidilmə işləri yerinə yetirilib. Prezident İlham Əliyev əkin sahələrinə suvarma suyunun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Salyanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb. “Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına, eləcə də bölgədə mövcud olan güc qıtlığının aradan qaldırılmasına səbəb olub. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni yarımstansiyanın tikilməsi ilə yanaşı, istismar müddətini başa vurmuş elektrik şəbəkələrinin yenidən qurulması, həmçinin yüksək və aşağı gərginlikli yeni hava xətlərinin çəkilməsi həyata keçirilib. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq “Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib. Salyan rayonunun su təsərrüfatı üçün tələb olunan 11,5 MVA gücündə 35 kV-luq iki yarımstansiya da məhz bu yarımstansiyadan qidalandırılacaq. Odur ki, “İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq tikilən “Qaraqaşlı” yarımstansiyası rayonun elektrik enerjisi təchizatında xüsusi önəm daşıyır.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verdi. Bildirildi ki, yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, qeyri-neft sektorunun - kənd təsərrüfatı, sahibkarlıq, sənaye sahələri və digər infrastruktur layihələri üzrə inşa ediləcək obyektlərin elektrik enerjisi ilə təminatı bu yarımstansiyadan həyata keçiriləcək. Dövlətimizin başçısı yarımstansiyanı işə saldı. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Təhsildəki nailiyyətlər hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca məqsəd seçib. Bununla da neft gəlirləri Azərbaycanda həm də təhsilin və elmin inkişafına yönəlib.
Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan edib. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər heç vaxt aktual olmayıb.
Dövlətimizin başçısına Salyan şəhər 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşirdi. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət idi və tədris iki növbədə aparılırdı. 2003-cü ildə əlavə 14 sinif otağı tikildi və həmin ildən etibarən tədris birnövbəli sistemə keçdi. 2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilmişdi. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla məktəb üçün yeni bina tikildi və bu, bir çox problemləri aradan qaldırdı. İlk növbədə, digər təhsil ocaqlarında yerləşdirilən şagirdlər öz doğma məktəblərinə qayıtdılar. İndi onlar müasir, zəruri avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini davam etdirirlər.
Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir. Prezident İlham Əliyev məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış oldu. Atıcılıq otağında şagirdlər pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini nümayiş etdirdilər. Dövlətimizin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, paytaxtdan sonra əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla “Azəravtoyol” ASC-yə həvalə edilib.
Torpaq və çınqıl örtüklü olduğundan vətəndaşların gediş-gəlişinə maneələr yaradan avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti görüşdə çıxış edib. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir. Salyan sakinləri yaxşı bilirlər ki, Bakı-Salyan yolu əsaslı şəkildə tikilib, indi Bakı-Salyan-Astara yolunun tikintisi uğurla gedir:
“Bir sözlə, Salyan rayonunun digər bölgələrlə, xüsusilə Bakı şəhəri ilə yol əlaqəsi böyük dərəcədə yaxşılaşıb. Ölkəmizdə, ümumiyyətlə, bu sahəyə çox böyük diqqət göstərilir. Bu il, - bu layihəyə şərti ad vermişik, - “40 yol” layihəsi icra edilir. Əslində bu, yüzlərlə kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir.
Salyan rayonunun inkişafı ilə bağlı kompleks tədbirlər görülür, sosial infrastruktur yaxşılaşır. Bu gün mən 2 saylı məktəbin yeni binasının açılışında iştirak etmişəm. Bu da çox böyük təhsil ocağıdır. Şəhərin ən böyük məktəbidir və bu məktəbin böyük ənənəsi var. Onu biz yenidən tikdik.
Kənd təsərrüfatı ilə bağlı önəmli addımlar atılır. Salyanda pambıqçılığın bərpası istiqamətində işlər yaxşı gedir. Mənə verilən məlumata görə, 7 min hektarda pambıq əkilib, bu da məşğulluğu təmin edir. Minlərlə insan indi bu sahədə işləyir, pul qazanır. Qazlaşdırma Salyan rayonunda 80 faizdən çoxdur. Bu da yaxşı göstəricidir. Növbəti illərdə əlbəttə ki, daha da artacaq. Bu gün biz elektrik yarımstansiyasının açılışını etdik və elektrik enerjisi ilə təminat daha da yaxşılaşacaq. Keçən il biz içməli su layihəsinin birinci mərhələsini mənim iştirakımla istismara verdik və növbəti dövrdə bu layihənin tam tamamlanması nəzərdə tutulur. Bir sözlə, Salyan rayonunun həm sosial, həm iqtisadi inkişafı diqqət mərkəzindədir. Nəzərə alsaq ki, infrastruktur layihələrinin bir çoxu icra edilib, növbəti illərdə qalan layihələr də icra ediləcək.”
Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub. AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov kompleks barədə dövlətimizin başçısına məlumat verdi. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kompleksi 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə kompleksdə əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb. Bildirildi ki, müəssisədə istehsal olunan su içməli su göstəricilərinə tam uyğundur. Hazırda istehsal olunan suyun böyük əksəriyyəti, təqribən 90 faizi ətraf ərazilərdə salınan 700 hektara yaxın yaşıllıqların suvarılmasında, qalan hissəsi isə məişətdə istifadə edilir. Bu pilot layihə yalnız dəniz suyunun duzsuzlaşdırılması ilə kifayətlənməyib, eyni zamanda, Şirvan kollektorunun suyunun duzdan təmizlənməsini həyata keçirir. Bu çərçivədə kollektorda 2013-cü ildə birinci, ötən il isə gün ərzində 2500 kubmetr suyu duzsuzlaşdıran ikinci xətt istismara verilib. Ümumiyyətlə isə Şirvan kollektoru üzərində quraşdırılan qurğular gündə 5 min kubmetr suyu içməli su həddinə kimi duzsuzlaşdırır. Sutka ərzində duzsuzlaşdırılan 7 min kubmetr su 1750 hektar ərazidə yaşıllıqların suvarılmasına kifayət edir.
Prezident İlham Əliyev ting sahələrinə baxdı. Kompleksin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər